“Əsir və girovluqda saxlanılanların ailələri ilə “Skype” vasitəsi ilə əlaqə qurması bütün hallarda hakimiyyətlərdən asılı məsələdir”. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan ofisinin rəhbəri Karolin Duyez Azərbaycanın baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələri ilə "Skype" vasitəsilə əlaqə saxlaması ilə bağlı BQXK rəhbərliyi ilə razılıq əldə olunmasına dair suala cavabında deyib.
K. Duyez bildirib ki, qurumun əsas vəzifələrindən biri həbs olunan şəxslərlə ailələr arasında əlaqə qurmaqdır: "Adətən bu iş Qızıl Xaç tərəfindən yazılı şəkildə həyata keçirilir. Ya da BQXK-nin nümayəndəsinin köməyi ilə telefon əlaqəsi qurmaq mümkün olur. “Skype" vasitəsilə əlaqə qurmağa gəlincə, bütün hallarda bununla bağlı qərarı hakimiyyətlər verməlidir”.