Martın -7-də gecə saatlarında intihar edən Sabirabad rayon sakini, 39 yaşlı Cəbrayıl Həsənovu mətbuatda Qarabağ əlili kimi təqdim edilirdi. Amma əslində C.Həsənov Qarabağ əlili deyil, heç müharibə veteranı da olmayıb.
Bunu Qaziler.az saytının araşdırması zamanı bizə “Qarabağ qaziləri”, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” və “Vətən Müharibəsi Əlilləri” birliklərindən bildirdilər.Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin saytında yerləşdirilmiş Qarabağ əlillərinin bazasında da C.Həsənov haqqında heç bir məlumat tapılmadı.
Adı çəkilən birliklərdən bizə verilən məlumata görə, C.Həsənovun qardaşı Qarabağ müharibəsində şəhid olub. Şəhidin ailəsi isə qanunla onun ailəsinə düşən güzəşt və imtiyazlardan istifadə edib.
Xatırladaq ki, iki gün öncə gecə C.Həsənov Kür çayının üstündəki körpüdən özünü asaraq intihar edib. Yayılan məlumata görə, mərhumun həmyerliləri onun üzərindən ailə üzvlərinə yazdığı məktub tapıblar. Məlum olub ki, C.Həsənov 4 banka olan kredit borcunu ödəyə bilmədiyindən intihar edib.
QAZİLER.AZ