Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrində hazırda 1082 nəfər şəxsin stasionar şəraitdə təminatı həyata keçirilir. QAZİLER.AZ xəbər verir ki, onlardan 320 nəfər sağlamlıq imkanları məhdud uşaq nazirliyin 1 və 2 saylı sosial xidmət müəssisələrində, 202 nəfər şəxs Müharibə və əmək əlilləri üçün pansionatda, digər şəxslər isə aidiyyəti üzrə sosial xidmət müəssisələrində yaşayırlar.
Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 1 saylı və 2 saylı sosial xidmət müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılması təmin olunub.
Bu müəssisələrdə yaşayan şəxslərin, eləcə də sağlamlıq imkanları məhdud uşaqların doğma ailə mühitinə qayıtmaları üçün de-institusionalizasiya tədbirləri də davam etdirilir. Bu tədbirlər nəticəsində ötən il sosial xidmət müəssisələrindən ümumilikdə 70 nəfər, o cümlədən 36 nəfər sağlamlıq imkanları məhdud uşaq doğma ailələrinə qayıdıb.