Taleyinə müharibə yazılanlar...

Taleyinə müharibə yazılanlar... backend

Сəfər müəllimi uşaqdan, böyüyə kimi hamı çox sevər, hörmət edərdi. O, 1941-ci il yəni Böyük Vətən müharibəsi başlayanda anadan olub. Uşaqlığı müharibə illərinə düşüb. Atası Məhəmməd kişi 1915-ci ildə, anası Bağdat xala 1920-ci ildə- hər ikisi Qərbi Azərbaycanın Kotanlı kəndində anadan olub. Bir sözlə, bu ailənin taleyinə müharibə yazılıb. Şura hökuməti gələndə babasıgil ailəsini götürüb İrana qaçır, oradan da Xocalıya gəlirlər. Xocalıda 7 illik məktəbi bitirən Cəfər müəllim Şuşa Pedaqoji Texnikumuna daxil olur, oranı bitirib ibtidai sinif müəllimi işləyir. O, deyir:

-İlk dəfə sinfə daxil olduğum günü heç vaxt unutmaram, çox həyəcanlıdım. 4-cü sinifdəki şagirdlərimdən biri də Daxili İşlər Naziri Ramil Usubov idi. Sonra Azərbaycan Pedaqoji İnstutunun il-ədəbiyyat fakultəsində qiyabi təhsil aldım. 1973-cü ildə Xocalı 8 illik məktəbinə direktor vəzifəsinə təyin olundum. İşlədiyim müddətdə Sosializim yarışının qalibi medalı, fəxri fərmanlarla təltif olundum. Mənim ən böyük sevincim, fərəhim şagirdlərimin uğurları ali məktəblərə qəbul olmaları idi. Müharibənin acısını - ağrısını yaşadığımdan valideyinini itirmiş, aztəminantlı ailələrin uşaqlarına məktəb formaları və ləvazimatlar alıb paylayırdım. Bunu məktəbin tədris-təcrübə sahəsindən gələn gəliri icbari təhsil fonduna köçürərək edirdim. Məktəb Cəfər müəllimin həyatının bir parçasına çevrilmişdi. Qarabağ müharibəsi başlıyanda Cəfər müəllimində çöhrəsinə kədər, qəm hopdu. Yanvar ayının sonuna qədər rəhbərlik etdiyi məktəbdə top, qrad yağışı altında şagirdlərə dərs keçir müəllimləri ruhdan düşməyə qoymur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Cəfər müəllimin də həyatı qaraldı. İxtiyar yaşlı atasını- anasını aparmaq mümkün deyildi. Cəfər müəllim nə gedə, nə qala bilirdi. Vəziyyət get-gedə ağırlaşırdı. Bağdat xala son ilmələrini vurduğu yun corabı oğluna verib: “Bala, qara- çovğuna düşərsən, gey ayağına, yolda üşüyərsən. Bacılarını da götür, get, allaha əmanət ol”.
Cəfər müəllim iki yol ayrıcında qalmışdı, bir tərəfdə ata –anası o biri tərəfdə isə bacıları dayanmışdı. Anasının kədərli səsi onu səksəndirdi:“Ay bala, bacılarını sənə əmanət edirəm, yubanma”. Son dəfə atasını –anasını bağrına basıb göz yaşlarını qəlbinə axıdan Cəfər müəllim həyətdəki qapını örtməyib açıq qoydu.
Pıçıltıyla “qayıdacağam”- deyib, Kətik meşəsinə doğru gedirlər. Ayaqlarını soyunub bacıları Qumru ilə Lalanın əllərindən tutub Qarqar çayını keçirlər. “Anamın toxuduğu ağ iplikli corabı geyinəndə bədənimə elə istilik gəldi ki, sözlə demək mümkün deyil”, - deyir Сəfər müəllim.
Çaşqınlıq içərisində olan camaat Kətik meşəsindəki “Gendərə”də toplaşırlar. Hara gedəcəklərini bilmirlər.Yol axtarırlar. Bu zaman yuxarıdan atəş səsləri gəlir. Camaat çayın kənarına qaçıb Ağdama doğru gedir. Yenidən Naxçıvanikdəki erməni kəndlərindən atəşə tutulurlar. O an kim nə edəcəyini bilmirdi, kimisi güc-bəla ilə dırmaşdığı qayadan yumalanıb dərəyə düşürdü, kimisi də ilişib kol- kosda qalırdı. Ağdamda par-par çıraqlar, erməni kəndlərində isə lampalar yanırdı. Cəfər müəllim təssüflə bildirir ki, biz çaşıb Ağdama getmək əvəzinə erməni kəndlərinə getdik. Naxçivanik kəndinin üstündəki qalın meşədə camaatı güclü atəşə tutdular. Hərə bir tərəfə dağılsa da səhərə yaxın ermənilər silah gücünə adamları toplayıb girov götürdülər. Əsgərana aparıb onların bir neçəsini azad etdilər. Kişiləri isə Xankəndinə aparıb görünməmiş işgəncələr verdilər. Cəfər müəllim o günləri yadına saldıqca qəzəbindən vücudu titrəyir. “Xankəndində Cəzaçəkmə Məntəqəsində 56 gün əsirlik girdabında çabalayan qardaşım Əşrəfin vəziyyəti lap dözülməz olub. Onu saqqalı ermənilər başlarının üstünə qaldırıb yerə çırpırmışlar. Qardaşım deyirdi ki, saqqalı ermənilər saqqalarını qırmızı rəngə boyamışdılar. Qardaşımın qabırğaları sındığından indi yataq xəstəsidir. Cəfər müəllim 18 gün əsirlik həyatını yaşayıb. O günləri yada saldıqca qəzəbindən boğulur. Əsgəranda yaşadığım əsirlik həyatı heç vaxt yadımdan çıxmaz. Məktəb direktoru kimi Əsgəranda keçirilən konfranslarda çox çıxış etdiyimdən məni tanıyanlar çox idi. Məni sorğu-sual edən erməni də “ara Cafar, indi də çıxış etmək istəyirsənmi?”- deyib 2 uşağı itələyə-itələyə gətirdi. Onlar mənim şagirdlərim -bacı-qardaş Elşadla, Dürdanə idi. Uşaqlar cox üşüyürdülər.
“Bunlar məktəblidirlər, ataları da yoxdur. Bu uşaqları buraxın”,- dedim. Onlar məktəbli sözünü eşidəndə bir-birinin üzünə baxdılar. Sonra uşaqları aparıb azad etdilər. Şagirdlərimin gözü qarşısında döyülüb təhqir olunmağım məni çox ağrıdırdı. Şagirdlərimə verilən olmazın işgəncələrin şahidi olurdum. Müharibənin ən qəddar üzünü görürdüm. Bir gecə isə şagirdlərimdən Yaşar, Kamil, Namiq, Faiq, Vəliyəddin, məhsəti türkü Osmanla Pircamal kəndindəki fermada qaranlıq bir yerdə saxlanılırdıq. Bizi sorğu-sual edir, işgəncə verirdilər. Faiqi qəddarlıqla döyəndə onun başı yarıldı. O, erməninin üstünə yeriyəndə onu güllələdilər. Bununla da ürəkləri soyumayıb Faiqin 5 yaşlı qardaşı oğlu Siracı döyüb, atası Yaşarın burnunu qırdılar. Sirac atasının üstünə qaçanda onu yenidən döyərək maşına basıb Əsgərana apardılar. Gecə yarısı isə gəlib 6 nəfəri Namiq, Kamil, Osman, Vəliyəddin, Canan, Oktayı maşına mindirib apardılar. Taleləri bu günə kimi məlum olmadı. Onlardan yalnız Canan əsirlikdən azad olundu. Rəhmətlik ermənilər məni döyəndə:“O, uşaqlarımızın müəllimidir, məni döyün, onu yox”- deyirdi. Hər gün allaha yalvarırdıq ki, bizi güllələsinlər, bu əzabdan canımız qurtarsın. Dəmir qabda su, əl boyda quru çörək verirdilər. Güllələnəcəyimiz günü gözlədiyimiz bir vaxtda milis şöbəsinin polis rəisi məlumat verdi ki, bizə kömək etsəniz sizi azad edəcəyik. Bizi sıraya düzdülər. Məni itələyib maşına saldılar. Əsgərana aparıb bir dəstə erməni yaraqlısı ilə birlikdə BTR-ə mindirib Xanabad kəndinə doğru sürdülər. Kilsənin yanında saxlayıb avtomatın qundağı ilə məni vuraraq əmr etdilər ki, kilsəyə doğru gedim. Kilsənin üstündə Azərbaycan bayrağı dalğalanır, burula-burula tüstü qalxırdı... Kövrəldim, əllərimilə üzümü örtdüm ki, göz yaşımı görməsinlər. Arxamda tüfəngin qundağı ilə məni vurub qəzəblə qışqırdı: “Orada döyüşən sizin torqlardır, get, onlara de, bizə təslim olsunlar. Əgər təslim olmasalar, Xocalıdan olan əsir qadınlarınızı verməyəcəyik”. Mən əlacsız vəziyyətdə kilsəyə daxil olanda yerdə halsız uzanmış bir əsgər gördüm. O, başını güclə qaldırıb məndən su istədi. Onun çörəyi, suyu, patronu qurtarmışdı. Son gülləsini özünə saxladığını söylədi. Kilsənin ətrafında ermənilərin olduğunu bildirdim. O, Qatır Məmmədin döyüşçüsü idi. Onlar 5 nəfər imiş, 4 –ü həlak olmuşdu. O, gücünü toplayıb ayağa durdu. Kilsənin üstünə qalxıb, Azərbaycan bayrağını endirərək ermənilərə doğru gedərək qışqırdı. “Mən son gülləmi ona görə özümə vurmuram ki, Xocalıdan əsir götürdüyünüz qadınları, uşaqları azad edəsiniz.
Martın 14-də Novruz bayramının axrıncı çərşənbə günündə 21nəfər Xocalı sakini QXC-nin xətti ilə Ağdamın Qara ağacı qəbristanlığının yaxınlığında 16 nəfər erməni girovu ilə dəyişdirildik. Bizi Türküyəli jurnalistlər qarşıladılar. Bu günkü gəncliyimizə Natiq kimi oğlanları tanıtmalı və sevdirməliyik.
Səriyyə Müslümqızı
Diaspora