Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərovun həbs müddəti uzadılıb. Lent.az-ın xəbərinə görə, Səbail məhkəməsinin qərarı ilə Sahib Ələkbərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.
Qeyd edək ki, 2015-ci ilin oktyabr ayının 20-də Baş Prokurorluğun yaydığı məlumata görə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən olunub.