Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ümumilikdə 2,1 minədək reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib.
ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, onlardan 584 ədədi müxtəlif növlərdə reabilitasiya vasitələri, 59 ədədi aşağı ətraf protezi, 85 ədədi aşağı ətraf ortezi, 16 ədədi yuxarı ətraf protezi, 9 ədədi yuxarı ətraf ortezi olub. Həmçinin qeyd olunan insanlar 244 cüt protez ayaqqabı və 327 cüt ortopedik ayaqqabı, 99 cüt dirsəkaltı və 60 cüt qoltuqaltı ağac, 155 ədəd əsa, 59 ədəd bel nahiyəsi üçün korset, 3 ədəd əlil arabası, 33 ədəd eşitmə aparatı və s. ilə təmin olunublar.Bundan başqa, son bir ayda qeyd olunan şəxslərə məxsus 88 ədəd reabilitasiya vasitəsi təmir edilərək, yenidən onların istifadəsinə verilib. Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 75 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya yönümlü xidmətlər göstərilib.
Qeyd edək ki, ötən il nazirlik tərəfindən əlilliyi olan şəxslərə 34075 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1273 ədəd əlil arabası verilib ki, bunlar da 2014-cü illə müqayisədə müvafiq olaraq 49 faiz və ya 2,2 dəfə çoxdur.