İlham Əliyev Rusiya Prezidentinin köməkçisi, Olimpiya Komitəsinin vitse-prezidentini qəbul edib

İlham Əliyev Rusiya Prezidentinin köməkçisi, Olimpiya Komitəsinin vitse-prezidentini qəbul edib backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib.

İqor Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə albomunu dövlətimizin başçısına təqdim etdi. Rusiya idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını dedi. O, Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirdi və bu işdə ölkəmizə uğurlar arzuladı.

Dövlətimizin başçısı Soçi Qış Olimpiya Oyunlarında Rusiyanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə böyük işlərin görüldüyünü vurğuladı və Oyunların yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini bildirdi. Dövlətimizin başçısı bu idman yarışının təkcə ölkəmiz üçün deyil, ümumilikdə idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmini qeyd etdi.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Diaspora