Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Sabirabad rayonu ərazisində iki yeni qəsəbə salınıb.
APA TV-nin Mil-Muğam bürosunun xəbərinə görə, 440 mənzildən ibarət olan qəsəbədə işlər tam başa çatdırılıb və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlanıb.Bütün zəruri, sosial-texniki infrastruktur obyektləri olan bu qəsəbələr Sabirabad rayonu ərazisində Fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün salınıb. Qəsəbənin ümumi ərazisi 30 hektardır. Qəsəbələrin birində 206, digərində isə 234 mənzil inşa edilib. Bu qəsəbələrdə 44 mənzil bir, 198 mənzil iki, 176 mənzil üç və 22 mənzil 4 otaqdan ibarətdir. Hər iki qəsəbədə 220 və 150 şagird yerlik məktəb binaları, inzibati bina, tibb məntəqəsi, 144 yerlik klub-icma mərkəzi, poçt və digər yardımçı binalar da istifadəyə verilib.
Qəsəbələrdə dayanıqlı elektrik enerjisi, içməli su və qaz təchizatı ilə də təmin edilib, müasir yol-küçə infrastrukturu qurulub. Məktəbdə şagirdlərin keyfiyyətli təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Məktəbin sinif otaqları və idman zalı bütün zəruri inventar və avadanlıqla təchiz olunub.