Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması işləri çərçivəsində “Məşğulluq siyasəti” mövzusunda təlim-seminar işə başlayıb.
APA TV-nin xəbərinə görə, dörd gün davam edəcək təlim-seminarın açılışında aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, Milli Məclisin, sosial tərəfdaşların, BƏT-in, BMT-nin Əhali Fondunun, Dünya Bankının və digər bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan prezidenti İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ötən dövrdə ölkəmizdə dayanıqlı və çoxsaylı iş yerlərinin açılmasını nəzərdə tutan dinamik iqtisadi inkişafın təmin edildiyini, iqtisadiyyatın şaxələndirilməsi prosesinin, qeyri-neft sektorunun və regionların, davamlı dövlət dəstəyi şəraitində sahibkarlığın inkişafının sürətləndiyini vurğulayıb.
Nazir jurnalistlərə açıqlamasında hökumət tərəfindən hazırlanan strategiyanın prioritetlərindən və əhalinin məşğulluğunun təminatı istiqamətində görülən tədbirlərdən danışıb: “Dövlət başçısının tapşırığının icrası olaraq, Konsepsiya layihəsinin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq dövlət orqanlarının, sosial tərəfdaşların, qeyri-hökumət təşkilatlarının, ümumilikdə 21 qurumun nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanması nəzərdə tutulur”.
Konsepsiyanın prioritet istiqamətlərinin də müəyyən olunduğunu qeyd edən S.Müslümov diqqətə çatdırıb ki, bu istiqamətlər sırasına makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, infrastruktur layihələrində və dövlət investisiya xərclərində məşğulluq amilinin formalaşdırılması, demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi daxildir. Həmçinin rəqabətədavamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial məsuliyyətin artırılması və sosial tərəfdaşlığın inkişaf etdirilməsi və digər prioritet istiqamətlər yeni Konsepsiyada əhatə olunacaq.