Qaziler.az APA-ya istinadən xəbər verir ki, bu gün Masallı rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə Masallı rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə SHXÇDX-nin Masallı, Astara, Lənkəran, Yardımlı və Lerik şəhər və rayon şöbələrinin şəxsi heyəti, rayon icra hakimiyyətlərinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəblilər iştirak edib.Tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “Vətənin müdafiəsinə hazıram!” tədbirinin artıq ənənə halını aldığını diqqətə çatdırıb: “Torpaqlarımızın işğalda olduğu bir vaxtda bu sözü deməyə ehtiyac yoxdur. Biz hamımız vətənin müdafiəsinə hazır olmalıyıq. Bu, böyükdən kiçiyə qədər hər bir vətən övladının borcudur. Bu gün Azərbaycan ordusu çox qüdrətlidir. Torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi altında tezliklə düşməndən azad olunacaq!”
SHXÇDX rəisinin I müavini, general-mayor Zaur Abdullayev vətənpərvərlik hissinin yüksəldilməsi üçün silsilə tədbirlər keçirdiklərini vurğulayıb: “Xidmət gənclərin vətənpərvərlik hissinin tərbiyəsi və səfərbərliyə hazırlığı istiqamətində Ali Baş Komandan tərəfindən verilən tapşırığı yerinə yetirir. Vətənpərvərlik hissinin yüksəldilməsi üçün silsilə tədbirlər respublikanın rayonlarında davam etdirilir. Vətən uğrunda canlarını fəda edən oğullar heç vaxt yaddan çıxarılmır. Bu gün ordu sıralarına göndərilən gənclər bizim mütəxəssis hazırlığı məktəblərinə cəlb olunurlar. Artıq onlar orduya gedəndə hazırlıqlı olurlar. Bu da vətənpərvərlik hissinin formalaşmasının mühüm bir hissəsidir. Ali Baş Komandanın dediyi kimi, vətənimizi sözdə yox, işdə qorumağa hazırıq. Hər bir şəhid bizim övladımızdır. Dövlət onların ailələrinə diqqəti əsirgəmir”.
Tədbirdə çıxış edən təhsil nazirinin müşaviri Ağababa İbrahimov qeyd edib ki, hərbi vətənpərvərlik mövzusu bütün dünyada dövlətin diqqətində olan məsələlərdəndir: “Hər bir Azərbaycan vətəndaşı bu torpağa məhəbbətlə yanaşmalıdır. Azərbaycan torpağı müqəddəs torpaqdır”.
Daha sonra general-mayor Zaur Abdullayev tədbirin təşkilatçılığında göstərdiyi dəstəyə görə Masallı, Astara, Lənkəran, Lerik, Yardımlı rayon və şəhər İcra Hakimiyyətlərinə SHXÇDX adından xatirə plaketləri təqdim edib.
Tədbirdə şəhid, Milli Qəhrəman ailələri, çağırışaqədərki hazırlıq rəhbərləri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıb.
Tədbirin bədii hissəsində Şəmistan Əlizamanlı vətənpərvərlik mahnıları ilə çıxış edib.