2015-ci ildə aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları»na uyğun olaraq müvafiq protokollar tərtib edilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 931 vəzifəli şəxsə 576,0 min manat məbləğində cərimə tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib, Ağstafa və Ağcabədi rayonları üzrə maliyyə idarələrinin rəisləri işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırılıblar.