Palçıq vulkanlarında yeni tədqiqatlara başlanılıb

Palçıq vulkanlarında yeni tədqiqatlara başlanılıb backend

Azərbaycan palçıq vulkanlarının fəaliyyəti və geoekoloji riskin qiymətləndirilməsi istiqamətində yeni tədqiqatlara start verilib. AMEA Geologiya və Geofizika İnstitutunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şərqi Azərbaycan ərazisində - quruda və Xəzər akvatoriyasında 400-dən çox palçıq vulkanı və onun təzahürü mövcuddur. Vulkanların püskürmə fəaliyyəti nəticəsində yer səthinə flüid və brekçiya çıxarılır. Bundan başqa, vulkanın gündəlik (sakit) fəaliyyəti dövründə böyük dərinlikdən qaz, minerallaşmış su, lilli palçıq və hətta bəzi vulkanlarda çoxlu neft üst səthə xaric edilir. Nəticədə, vulkan sahəsində qeyri-adı şoran torpaqlar, geokimyəvi cəhətdən nadir landşaftlar formalaşır və bu da ətraf mühitə, eləcə də canlı orqanizmlərə neqativ təsir göstərir.

AMEA Geologiya və Geofizika İnstitutunda palçıq vulkanları uzun müddətdir ki, müxtəlif aspektlərdən tədqiq olunur. Lakin vulkanların fəaliyyəti ilə əlaqədar, geoekoloji riskin qiymətləndirilməsi istiqamətində elmi-tədqiqat işlərinə lazımi səviyyədə diqqət yetirilməyib. Bu tədqiqatlar yalnız müvafiq yeni avadanlıq və cihazların əldə edilməsi, həmçinin çöl-ekspedisiya işlərinin həyata keçirilməsilə mümkündür. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə AMEA Geologiya və Geofizika və Radiasiya Problemləri institutlarının gənc alim və mütəxəssislərindən təşkil olunmuş tədqiqatçı qrup “Azərbaycan palçıq vulkanlarının fəaliyyətində geoekoloji riskin qiymətləndirilməsi” layihəsi çərçivəsində yeni istiqamət üzrə tədqiqatlara başlamağa müvəffəq olub. Layihənin rəhbəri, GGİ-nun “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun məlumatına görə, layihə üzrə araşdırmalara bu ilin yanvar ayından başlanılıb. 50000 manat dəyərində olan elmi-tədqiqat işinin icra müddəti 2017-ci ilin yanvar ayında sona çatacaq.