Bakıda 137 məktəbin mühafizəyə ehtiyacı var

Bakıda 137 məktəbin mühafizəyə ehtiyacı var backend

“Son dövrlər dünyada baş verən qeyri-stabil siyasi və iqtisadi prosesləri nəzərə alsaq, ümumi təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması məsələsi gündəmdə olan ən əsas məsələlərdəndir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 təhsil müəssisəsində təhlükəsizliyin təmin olunması məqsədilə mühafizə xidmətinin təşkili Daxili İşlər Nazirliyi Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir”. Lent.az-ın Report- istinadən xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib.


Onun sözlərinə görə, təhsil müəssisələrində mühafizə xidmətinin təşkil olunması üçün BŞTİ tərəfindən monitorinqlər keçirilib, mühafizə xidmətinə ehtiyacı olan 137 təhsil müəssisəsinin siyahısı Təhsil Nazirliyinə təqdim edilib. Hazırda həmin müəssisələrin mühafizə ilə təmin olunması istiqamətində müvafiq tədbirlər görülür: “Bununla yanaşı, təmir-tikinti zamanı təhsil müəssisələrində təhlükəsizliyin təmin olunması məqsədilə tərəfimizdən müəssisələrə əvvəlcədən baxış keçirilir, müəllim və şagird kontingenti digər yaxın ünvanlara köçürüldükdən, müvafiq şərait yaradıldıqdan sonra təmir-tikinti işlərinə başlanılır.

Yanğın zamanı təhlükəsizliyin təmin olunması üçün təhsil müəssisələri vaxtaşırı yanğından mühafizə balonları və lövhələri ilə təmin olunur. Həmçinin, yanğın və digər fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə FHN-in əməkdaşları tərəfindən təhsil müəssisələrində mütəmadi olaraq treninqlər və müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir”.