Bu gün Azərbaycanın sabiq mədəniyyət naziri, Rusiyadakı fövqəladə və səlahiyyətli səfirimiz, xalq artisti Polad Bülbüloğlunun doğum günündür. Lent.az-ın məlumatına görə, P. Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürüb. O, geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kino-filmlərə, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.
Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət və ölüm” baletinin Moskvada tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyat və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib, 3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.