Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə Bakının Nardaran qəsəbəsində əmək yarmarkası təşkil edilib.
ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, yarmarkanın açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət və qeyri-dövlət sektoruna aid iri işəgötürənlər arasında işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin işəgötürənlər tərəfindən vakant iş yerlərinin yaradılması və bu barədə Nazirliyə aidiyyəti üzrə məlumatların verilməsi nəzərdə tutulub. Artıq hansı işəgötürən tərəfindən nə qədər vakant iş yerinin yaradıla biləcəyi barədə nazirliyə konkret göstəricilər əsasında məlumatlar da verilir. Bu proses məşğulluq mərkəzlərinə müraciət edən işsiz və işaxtaran insanların qısa müddətdə münasib iş yerləri ilə təminatında mühüm dəstək olacaq.
S.Müslümov nazirlik tərəfindən aktiv məşğulluq tədbirlərinin gücləndirildiyini qeyd edib: “Ümumilikdə ötən il ərzində Dövlət Məşğulluq Xidmətinin xətti ilə 29 min nəfərin, o cümlədən 59 rayon və şəhərdə keçirilən əmək yarmarkaları vasitəsilə 4,6 min nəfərə yaxın vətəndaşın münasib iş yerləri ilə təminatı həyata keçirilib. Hazırda növbəti əmək yarmarkalarına başlanılır. Bütün rayon və şəhərlərdə bu tədbirlər təşkil ediləcək”.
Nazir Bakının Nardaran qəsəbəsində sosial infrastrukturun müasir tələblərə uyğun səviyyədə yeniləşdirilməsi, qəsəbənin abadlaşdırılması, habelə qəsəbə sakinlərinin sosial problemlərinin həlli istiqamətində mühüm işlərin aparıldığını da bildirib: “Nardaran qəsəbəsində yaşayan aztəminatlı ailələrə də ünvanlı dövlət sosial yardımı ödənilir. Eyni zamanda qəsəbənin işsiz və işaxtaran sakinlərinin məşğulluğunun təmin olunması bizim diqqətimizdədir. Cari il üzrə ilk əmək yarmarkası da burada keçirilir. Yarmarkada boş (vakant) iş yerləri təklif olunmaqla yanaşı, eyni zamanda müvafiq hallarda qəsəbə sakinlərinin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması da təmin ediləcək”.
Qeyd edək ki, tədbirdə işsiz və işaxtaran vətəndaşlara Bakı şəhəri üzrə 17-si dövlət, 65-i qeyri-dövlət sektoruna aid, 5-i isə xarici şirkət olan ümumilikdə 87 müəssisə tərəfindən 215 boş iş yeri təklif olunub.