Azərbaycan prezidenti Dubaydakı məşhur “Bürc-Xəlifə” binası ilə tanış olub

Azərbaycan prezidenti Dubaydakı məşhur “Bürc-Xəlifə” binası ilə tanış olub backend

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Abu Dabidə Şeyx Zayed məscidi kompleksini ziyarət edib. APA TV-nin xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan əl-Nəhyanın təşəbbüsü ilə inşa edilib. Onun məzarı da buradadır.

Prezident İlham Əliyev Şeyx Zayed bin Sultan əl-Nəhyanın məzarını ziyarət edib.

Şeyx Zayed məscidi ölkənin ən böyük məscidi hesab edilir. Cümə və bayram namazlarında buraya gələnlərin sayının 40 min nəfərə çatdığı bildirilir.



Məscidin nadir elementlərindən biri də əsas ibadət otağının xalçasıdır. Bu xalça dünyanın ən böyük xalçası sayılır. Ümumi sahəsi 5627 kvadratmetr olan xalçanın çəkisi 35 tondur. Məscid kompleksinin kitabxanasında İslam dininə aid bir sıra klassik nəşrlər, 200 ildən çox yaşı olan sikkələr, xəttatlıq nümunələri var.

Prezident İlham Əliyev məscidin xatirə kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev Abu Dabidən Dubaya gədib. Dövlət başçısı Dubaydakı məşhur “Bürc-Xəlifə” binası ilə tanış olub.

Azərbaycan prezidentinə məlumat verilib ki, dünyanın ən böyük göydələni olan “Bürc-Xəlifə”nin tikintisi 2004-2009-cu illərdə həyata keçirilib. 2010-cu ildə binanın möhtəşəm açılışı olub. Əvvəllər “Bürc-Dubay” adlandırılan 165 mərtəbəli bu möhtəşəm tikilinin hündürlüyü 828 metrdir. Binanın 150-ci mərtəbəsindən sonrakı hissələrinin tikintisində polad konstruksiyalardan istifadə olunub. Bununla da “Bürc-Xəlifə” dünyada ilk dəfə beton kütlə üzərində polad konstruksiyalardan istifadə olunan tikili kimi tarixə düşüb.

Dünya memarlığının nadir incilərindən olan “Bürc-Xəlifə”nin özəllikləri bununla bitmir. Əsas diqqət tikinti zamanı küləkdən qorunmaya yönəldilib. Dünyada ən hündürə qalxan və ən sürətli liftlər də bu binada işləyir. “Bürc-Xəlifə”nin 158-ci mərtəbəsində dünyanın ən yüksəklikdə yerləşən məscidi, 76-cı mərtəbəsində ən hündür üzgüçülük hovuzu və 122-ci mərtəbəsində restoran fəaliyyət göstərir. Kompleksin daxilində otellər, evlər, ofislər və ticarət mərkəzləri yerləşir.

“Bürc-Xəlifə” öz möhtəşəmliyi ilə Dubayın yeni işgüzar hissəsinin rəmzi sayılır.