Bu gün Bakı şəhər Nəsimi rayonu Cavadxan küçəsi 5 ünvanında yerləşən "Moskva" univermağında satıcılar yer haqqının bahalığına etiraz olaraq aksiya keçirib. Lent.az-ın Meydant TV-yə istinadən məlumatına görə, satıcılar piştaxtaları boşaldaraq işləməkdən imtina edib və yer haqqının eyni şəxs tərəfindən, eyni qiymətlə yığılmasını tələb ediblər.
Univermağın rəhbərliyindən Lent.az-a bildirilib ki, onlara satıcıların tələblərini yerinə yetirmək üçün vaxt tələb olunur: “Əlbəttə, endirimlər olacaq, qiymətlər əvvəlki hədlə eyni ola bilməz və devalvasiyaya uyğunlaşdırılmalıdır”.Univermaq rəhbərliyindən o da bildirilib ki, bütün yerlərə görə eyni miqdarda icarə haqqının ödənilməsi mümkün deyil: “Çünki mərtəbələr və yerlərin mövqeləri ilə bağlı fərqlər var”.
Qeyd edək ki, satıcılar konkret nəticə olmasa, aksiyanı dayandırmayacaqlarını deyiblər.