ABŞ-ın Pensilvaniya Universitetinin hazırladığı dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı beynəlxalq hesabat dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil qərargahında təqdim edilib.
Lent.az-ın məlumatına görə, hesabatın təqdimatı eyni zamanda dünyanın 100-dən artıq ölkəsində də təşkil edilib. Sözügedən sənədin beynəlxalq maliyyə qurumlarında o cümlədən Dünya Bankında da təqdimatı həyata keçirilib. Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilib və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilib.Beynəlxalq qiymətləndirmədə Azərbaycanın tanınmış iqtisadçısı Vüqar Bayramovun rəhbəri olduğu İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçilib. CESD hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib.
V.Bayramov bildirib ki, CESD 7 ildir Cənubi Qafqaz və Orta Asiyan regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayıb: “Hələlik dünyada yeganə qlobal qiymətləndirmə olan və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, eləcə də mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhfəsinin səviyyəsini göstərir. CESD regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlar ilə rəqabət aparıb”.
Qeyd edək ki, aparıcı beyin mərkəzlərinə mükafatların təqdim edilməsi bu ilin mayında Yaponiyanın paytaxtı Tokio şəhərində təşkil olunacaq. CESD Cənubi Qafqaz və Orta Asiyanı sözügedən tədbirdə təmsil edəcək.
Hesabatın tam mətni ilə Pensylvaniya Universitetinin internet səhifəsində tanış olmaq olar:
http://repository.upenn.edu/cgi/viewcontent.cgi…
Xatıradaq ki, ötən ilin dekabrında Çin Elmlər Akademiyasının hazırladığı hesabatda da CESD dünyanın 100 ən güclü beyin mərkəzi siyahısına daxil edilmişdi.