Azərbaycanda “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Trend-in məlumatına görə, qanun layihəsi barədə məlumat verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qeyd edib ki, “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi insan və vətəndaşın öz hüquq və azadlıqlarından istifadə edərək, konstitusion hüququ olan müraciət hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləmək, vəzifəli şəxslər tərəfindən müraciətlərə baxılma qaydalarını müəyyən etmək məqsədi daşıyır.R.Aslanova vurğulayıb ki, hazırda vətəndaşların müraciətlərinə baxılma qaydaları 10 iyun 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunla tənzimlənir və “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinin qəbul olunacağı təqdirdə həmin Qanun ləğv ediləcək: “Bütün bu illər ərzində həyatımızda baş verən dəyişikliklər, vətəndaş-dövlət arasında çox effektli əks əlaqənin güclənməsi yeni Qanunun qəbul edilməsini zərurətə çevirir. Bu iki sənəd arasında müqayisəli təhlil yeni sənədin əhatə dairəsinin nə qədər geniş olduğunu sübut edir".
Komitə sədri bildirib ki, qanun layihəsi 17 maddədən ibarət olmaqla, orada “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunda öz əksini tapmamış bir sıra müddəalar – vətəndaşların müraciətlərinə baxılmasının prinsipləri, müraciətlərə dair tələblər, müraciətin baxılmamış saxlanılması, nəzarətin həyata keçirilməsi, müraciətlərə baxılma zamanı vətəndaşların hüquqları, canlı yayımlanan teleradio proqramları, telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri, elektron müraciət kimi yeni normalar müəyyən olunub.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.