Cari ilin 1 mart tarixinə olan məlumata əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin sayı 1 261 613 ədəddir ki, onların təqribən 47 faizi, yəni 592 275 ədədi məhz qadınlarla bağlanan əmək müqavilələridir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Bbağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur. Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 377 əmək müqaviləsinin 53,4%-i, 45-49 yaşlarında olan şəxslərlə bağlanılmış 142 173 əmək müqaviləsinin 54,1%-i, 50-54 yaş qruplarında bağlanılmış 162 103 əmək müqaviləsinin 51,6%-i qadınlarla bağlanıb. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 39,1%-i, ali təhsilli şəxslərin 47,8%-i, orta ixtisas təhsilli şəxslərin 61,4%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24,7%-i qadınlardır.Hazırda ölkəmizdə qadınların çalışdığı əsas fəaliyyət sahələri təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Başqa sözlə, təhsil, səhiyyə və sosial xidmətlər sahələrində əmək müqaviləsi bağlanılanların 76%-78%-ini qadınlar təşkil edib.