Azərbaycanın cənub rayonlarında qarlı hava şəraiti davam etməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Hissəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, hazırda qarın hündürlüyü Yardımlıda 30 sm, Lerikdə 23 sm, rayonun ucqar dağlıq və dağətəyi ərazilərində 25-30 sm, Lənkəranda isə 25 sm təşkil edir. Ötən gecə bölgənin yüksək dağlıq ərazilərində 13 dərəcəyədək şaxta müşahidə olunub.
Lənkəran rayonunda qar heç bir fəsad törətməyib. Şəhər İcra Hakimiyyətindən bildirilib ki, rayonun müvafiq qurumları problemlərin yaranmaması üçün lazımi qabaqlayıcı tədbirlər görüblər.
Yardımlı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Azər Xamiyevin verdiyi məlumata görə, Yardımlı şəhəri istisna olmaqla rayonun bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilə yaranıb: "Bu da yüksək gərginlikli elektrik hava xətlərində baş vermiş qəzalarla əlaqədardır. Hazırda qəza briqadaları tərəfindən problemin həlli istiqamətində müvafiq tədbirlər görülməkdədir. Ümid edirik ki, günün sonuna kimi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunacaq”.
Azər Xamıyev bildirib ki, Masallı-Yardımlı şosesində nəqliyyat vasitələri sərbəst hərəkət edə bilirlər. Bununla belə, rayonun ucqar ərazilərinə gediş-gəlişdə çətinliklər yaşanmaqdadır. Vəziyyətin qaydaya salınması məqsədilə rayonun müvafiq qurumları tərəfindən tədbirlər davam etdirilir.
Kəskin hava şəraiti Lerik rayonunun elektrik təsərrüfatında problemlərə səbəb olub. Lerik Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda rayonun 60-dan çox yaşayış məntəqəsi işıqsız qalıb.
Dünəndən Lerikdə qəza briqadaları təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə cəlb olunublar. Qısa müddətdə əhalini elektrik enerjisi ilə təmin etməkdən ötrü lazımi tədbirlər görülür.
Gecə yolların buz bağlaması səbəbindən Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklərə baxmayaraq, hazırda yol nəqliyyat vasitələrinin üzünə açıqdır. 25 saylı Lerik Rayon Yol İstismar Sahəsinin 2 ağır texnikası, o cümlədən duz və qum səpən maşınları sutka boyu növbə əsasında yola nəzarət edirlər.
Elxan Əliyev, 25 saylı Lerik Rayon Yol İstismar Sahəsinin rəisi: "İdarədə növbətçilik təşkil olunub. Hazırda yol tam açıqdır. Eniş-yoxuşlara duz və qum səpilib, qalan yerlər isə qardan təmizlənib. Yolda hərəkətin intensivliyi tam bərpa edilib".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Hissəsindən bildirilib ki, cənub bölgəsində qarlı hava şəraiti yanvarın 27-dən 28-ə keçən gecəyə kimi davam edəcək.