Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən, Türkiyənin Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə edilən 19 yaşlı Azərbaycan əsgəri Sərxan Tahirzadə haqqında yaydığımız məqaləyə Lənkəran Şəhər İcra Hakimiyyətindən rəsmi açıqlama göndərilib. Məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
"Ötən ilin avqust ayında düşmən qüvvələrinin hücumunun qarşısının alınması zamanı ağır yaralanmış Sərxan Kamil oğlu Tahirzadənin Qazilər.az saytına açıqlaması ilə bağlı bildiririk ki, vətəndaşın reabilitasiyasının və sosial müdafiəsinin təşkili, əlil insan kimi rahat yaşamasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumları ilə yanaşı Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən də müvafiq tədbirlər görülmüşdür.Belə ki, S.Tahirzadə hələ Türkiyədə müalicə olunarkən onun valideynləri iki dəfə Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı tərəfindən qəbul olunmuş, ailənin sosial durumu, maddi-məişət şəraiti öyrənilmiş, yaralı əsgərin evə qayıdışına hazırlıqla bağlı bir sıra tədbirlər görülmüşdür. Bununla əlaqədar şəhər İcra hakimiyyətinin daxili imkanları hesabına S.Tahirzadənin yaşadığı evin ikinci mərtəbəsinə bitişik beton sütunlar üzərində ən müasir avadanlıqlarla təchiz edilmiş əlavə vanna otağı və fiziki imkanları məhdud olan insanlar üçün uyğunlaşdırılmış sanitariya qovşağı tikilib istifadəyə verilmiş, fasiləsiz isti və soyuq su təchizatını təmin etmək məqsədilə yeni su çəni və su qızdırıcı quraşdırılmışdır. Xəstənin rahat hərəkəti üçün evin daxilindən həm vanna otağına, həm də sanitariya qovşağına əlavə qapı lar və pəncərələr qoyulmuş, evinə qaz, su, telefon, internet xəttləri çəkilmiş, yeni telefon aparatı, madem və noutbook alınaraq proqram təminatı ilə təchiz edilmişdir. S.Tahirzadənin rahatlığı üçün vacib olan təzə yataq taxtı və kreslo alınıb evində quraşdırılmışdır. Təmir-tikinti və məişət avadanlıqlarına 9436 manat vəsait xərclənmişdir.
Qəbula buraxılmaması ilə bağlı bildiririk ki, vətəndaş şəhər İcra hakimiyyətinə gələrkən onun qoltuq ağacları ilə pilləkənləri qalxıb əziyyət çəkməməsi üçün İcra başçısı şəxsən özü birinci mərtəbəyə düşərək onu qarşılamış, istək və arzularını dinləmiş, xahişi nəzərə alınaraq həyətinin asfaltlanması ilə bağlı tapşırıqlarını vermişdir. Həmin görüşdə İcra başçısı tərəfindən vətəndaşa 500 manat maddi yardım edilmişdir. Artıq həyətə qum-çınqıl döşənərək hamarlanmış, asfaltlanma üçün hazırlıq işləri texnika vasitəsilə tam başa çatdırılmışdır. Havalar istiləşən kimi həyət asfaltlanacaqdır.
Bundan əlavə İcra başçısının tapşırığı ilə başçının birinci müavini Milli Məclisin deputatının iştirakı ilə vətəndaşın evinə gedib ona baş çəkmiş, onunla görüşərək sağlamlıq durumu, yaşayış tərzi ilə bir daha yerindəcə maraqlanmışdır. Görüş zamanı S.Tahirzadə ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir. Mütəmadi olaraq hər ay S.Tahirzadəyə daxili imkanlar hesabına 50 manat maddi yardım verilir. Yaxın günlərdə S.Tahirzadə tibbi müayinədən keçmək məqsədilə Bakı şəhərinə getməkdən ötrü müraciət etmiş, ona bu məqsədlə şəhər İcra hakimiyyətinin daxili imkanları hesabına yol və digər xərclər üçün 300 manat məbləğində maddi yardım verilmişdir. Amma onun Bakıya səfərinin sorağı müalicə ocağından deyil, hansısa mətbuat orqanının redaksiyasından gəldi. Görəsən, bütün bunlar S.Tahirzadəyə dövlət qayğısı deyil, bəs nədir? Bütün bunları araşdırmadan, öyrənmədən, şəhər İcra hakimiyyətilə heç bir sorğu aparmadan Sərxan Tahirzadənin diqqətdən, qayğıdan kənar qaldığını iddia edən bəzi mətbuat orqanlarının məqsədi, məramı nədir? Sərxanın sağlamlıq durumundan, yaralarkən keçirdiyi psixoloji gərginlikdən irəli gələn həyəcanından, məsələlərə dərindən varmamasından sui-istifadə edib həqiqətə uyğun olmayan informasiya yaymaq ictimai rəyi çaşdırmaq cəhdindən başqa bir şey deyil və heç bir jurnalistə şərəf gətirmir.
Bir daha qeyd etmək istəyirik ki, nəinki təkcə S.Tahirzadə, bu kateqoriyadan olan bütün imtiyazlı vətəndaşlar şəhər İcra hakimiyyətində növbəsiz qəbul olunur, problemlərinin həllindən ötrü müvafiq tədbirlər görülür. S.Tahirzadə həmişə olduğu kimi bundan sonra da istədiyi vaxt İcra başçısının qəbulunda da ola bilər, hər hansı məsələ ilə bağlı müraciətini də istədiyi formada çatdıra da bilər.
Lənkəran Şəhər İcra Hakimiyyəti olaraq bir daha bildiririk ki, vətən torpaqlarının müdafiəsi zamanı həlak olanların ailələrinin, Qabağ əlillərinin, o cümlədən cəbhə bölgəsində yaralanaraq əlil olan, sağlamlıq imkanlarını itirən vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasını, reabilitasiyasına köməkliyin olunmasını özümüzün ən ümdə vəzifəsi hesab edirik və bundan sonra da bu istiqamətdə lazımı işlərin görülməsini təmin edəcəyik".