Dünyasını dəyişən Qarabağ əlilinin anası Afn.az saytına müsahibə verib. QAZİLƏR.AZ saytı həmin müsahibəni oxucuların diqqətinə çatdırır. Bu günlərdə Daxili İşlər Nazirliyinin hospitalında dünyasını dəyişən Qarabağ qazisi, birinci qrup əlil Yuri Drobotovun doğmaları ilə görüşmək üçün onun bacısı Oksana ilə əvvəldən telefonda danışıb razılaşmışdıq. Amma Oksananın nədənsə tərəddüd etdiyini, çəkindiyini hiss edirdik. Qısa söhbətdən sonra anasının əsəbi olduğunu, müsahibəyə razılaşacağını gözləmədiyini söylədi. Yurinin sağlığında haqqı olan Qarabağ veteranı adını almaq üçün apardığı uzun mübarizəsindən, gördüyü biganəlikdən xəbərdar idik deyə, ananın haqlı qəzəbini anladığımızı dedik. Nəhayət, razılaşıb dünən axşam Drobotovların mənzilində olduq. Yas yerinə gələn insanlar dağılışandan sonra ağlamaqdan gözləri qızarmış Yurinin anası Marqarita Vasilyevna ilə söhbətə başladıq.
- Yurinin keçdiyi döyüş yolu haqqında məlumatımız var. Deyilənə görə, o, neçə illər Azərbaycandan kənarda yaşayıb, bu belədirmi?- 1995-ci ildə o Rusiyaya getdi. 2006-cı ildə isə geri qayıtdı. Rusiyada o, ailə həyatı qurmuşdu. İndi 18 yaşında bir qızı var, Alina adında.
Qarabağ əlili olduğunu təsdiqləyən sənədlər ölümündən bir neçə gün əvvəl verilib
- Yuri Rusiyaya gedənə qədər ayaqlarından şikayət edirdi?
- Yox, amma geri qayıdanda artıq ayaqlarından şikayətlənirdi. Hələ yaralandığı vaxt hospitalda yatarkən, onu buraxmaq istəmirdilər. Çünki o, həmin vaxt həm güllə yarası almışdı, həm də kəllə-beyin travması. Həkim xəbərdarlıq edib deyirdi ki, bu yara və kontuziya beş, on ildən sonra da özünü göstərə bilər. Beləcə, ağır xəstəlik dövrü başladı. Birinci dəfə 2007-ci ildə sağ ayağını dizdən aşağı kəsdilər, 2010-cu ildə isə sol ayağı da eyni aqibətlə üzləşdi. Uzun illərdən sonra Hərbi həkim komissiyası onu müharibə əlili kimi qəbul etdi. Bütün sənədləri vermişdilər. Amma o, həyatdan getdi, həmin müharibə əlili sənədini ala bilmədən...
- Müraciət etdiyiniz instansiyalarda sizə nə deyirdilər, niyə Yurinin əlilliyini təsdiq etmirdilər ki?
- Şəxsən mən özüm 7 il ərzində o qapıları çox döymüşəm. Hər yerdə bu adı ona verməkdən imtina edirdilər. Bir növ mədəni şəkildə yaxalarını kənara çəkirdilər.
- Nə səbəb gətirirdilər, imtina nə ilə bağlı idi?
- Bilirsiz, o döyüşlərdə iki Yuri olub. Mənim oqlum Yuri və Yuri Kovalyov adlı daha bir nəfər. Onların hər ikisini təltifə layiq görmüşdülər. Yuri Kovalyov döyüşlərdə həlak olmuşdu. Oğlum isə döyüş yolunu davam etdirmişdi. O, OMON-da döyüşən yeganə Yuri Valeryeviç Drobotov olub. Əmrdə isə Valeryeviçin yerinə Oleqoviç yazılmışdı. Ona görə də həmin əmri bizə vermədilər. Sonradan bütün bunlar ortaya çıxandan sonra, hamı əl-ayağa düşdü. Həmin təltif əmrini tapdılar. Amma o vaxt ki, hələ bir ayağını kəsmişdilər, bizə deyirdilər ki, heç bir sənəd qalmayıb, hamısı məhv olub və s. İndi onun ölümündən sonra bütün bunlar kimə və nəyə lazımdır?! O, artıq yoxdur, Yuri həyatda deyil. Bu bizim nəyimizə lazımdır? (göz yaşlarını saxlaya bilmir və titrək səslə davam edir) Bütün bunları onun sağlığında etmək lazım idi. Onun qalan ömrünü qoruyub saxlamaq üçün... Heç olmasa hiss etməliydi ki, o, bu Vətənə lazımdır. O isə əksini hiss edirdi. İndi öldükdən sonra o, hamıya lazım oldu... Bu elə bir itki, elə bir ağrıdır ki, ömrümün sonuna kimi mənimlə birlikdə olacaq. Mənim yeganə oğlum idi. Bir də yeganə bir qızım var. Onlardan başqa mənim heç kimim, heç nəyim yoxdur. Ona görə deyirəm ki, bütün bunlar artıq nəyə lazımdır.
- Hər halda, bütün bunlardan ictimaiyyət, aidiyyəti qurumlar xəbərdar olmalıdılar, axı belə biganəliklə təkcə Yuri deyil, digərləri də üzləşirlər...
- Düz deyirsiniz, bu təkcə onun başına gəlməyib, o nə birinci, nə də sonuncu şəxs deyil belə biganəliklə üzləşən. Bilirsiniz nə qədər insan bu cür biganəlikdən əziyyət çəkir. O, Əhmədlidə reabilitasiya mərkəzində müalicə olunduqda, mən orada bu cür əziyyət çəkən çox döyüşçülər görmüşdüm. Bunu belə onlara çox görürdülər, amma döyüşməyə gələndə, onlar buna borclu idilər, hə?
- İlk dəfə o, neçə yaşında döyüşlərə qatılmışdı?
- 18 yaşında Ordu sıralarına çağırılmışdı. Ordudan qayıtdıqdan sonra 20 yaşındaykən OMON-a getdi. Ordudan dönəndən dərhal sonra. Təzə vaxtlarda yaralanmışdı. Partlayış nəticəsində iyirmiyə yaxın döyüşçü yaralanmışdı. Papanindəki hospitala gətirmişdilər o vaxt. DİN-in hospitalında yer olmadığından Müdafiə Nazirliyinin hospitalına yerləşdirmişdilər. Səhv etmirəmsə, 1992-ci il idi. Qubadlıda gedən döyüşlərdə yaralanmışdılar. Bir az müalicə aldıqdan sonra həkimi dilə tutub, yenidən geriyə, döyüşə yollanmışdı. O, bud nahiyəsindən qəlpə yarası almışdı. Bundan əlavə, kontuziya da. Eləcə də Zəngilan uğrunda gedən döyüşlərdən sonra qocaları və uşaqları Araz çayından keçirib xilas edərkən, ayaqlarını don vurmuşdu.
Qarabağ veteranı vəsiqəsini isə Yuri yanvarın 6-da ala bilmişdi
- Geri qayıtdıqdan sonra nə baş verdi, döyüşlərdən sonra?
- Onlar tapşırığı yerinə yetirib qayıtdıqdan sonra Rövşən Cavadov onu OMON-dan çıxarmışdı. Nə bilim, belə deyirdilər ki, rus millətindən olduğu üçün yəni, bir növ etibar etmirdi. Mən ona həmişə deyirdim, Yuri axı sən hara gedirsən, niyə özünü irəli atırsan? Sən sonra heç kimə lazım olmayacaqsan. Bunlar bir ana kimi yandığım üçün dilimdən çıxan sözlər idi. Getmə deyirdim. O isə həmişə deyirdi ki, mən Azərbaycan xalqının rus oğluyam. Hətta o, ayaqları kəsildikdən sonra da deyirdi ki, eybi yox, qoy sağalım, Şuşada bayrağımızı mən özüm qaldıracam. O, 1971-ci il fevralın 13-də anadan olmuşdu. Bu il fevralın 27-də isə 44 yaşında dünyaya əlvida dedi. Ad günü 13-də idi. 7 gün reanimasiyada qaldı. Yanvarın 6-da DİN-in şəxsi heyət üzrə şöbəsindən bir polkovnik veteran vəsiqəsini şəxsən onun özünə təqdim etdi.
- Əlilliyə görə nə qədər müavinət alırdı?
- Əlilliyə görə əvvəl 45 manat, sonra isə 67 manat pul alırdı. Bir il bundan əvvəl isə prezident tərəfindən daha 60 manat pul təyin edilmişdi. Son bir ildə hər ay cəmi 127 manat pul alırdı. Əgər o müharibə əlili kimi əvvəldən tanınsaydı, yəqin ki, alacağı məbləğ xeyli çox olmalıydı. Yalnız fevral ayında onu Qarabağ müharibəsinın 1-ci qrup əlili kimi qanuniləşdirmişdilər. Həmin pulu almaq belə oğluma nəsib olmadı. Hətta həmin məbləğin nə qədər olduğunu belə bilmirəm. Fevralda Sosial Müdafiə Fondunun rayon şöbəsindən mənə bildirdilər ki, indi o, 150 manat müavinət alacaq. Amma bütün bunlar indi gərəksiz bir şeydi.
- Yurinin dəfni ilə bağlı kömək edənlər oldumu, yerli dövlət strukturlarından kimsə sizə bu məsələdə nəsə yardım etdimi?
- Dövlət strukturlarından bizə heç kim heç bir şeylə kömək etmədi. Bu məsələlərdə bizə yalnız Əhməd (Nəsimi rayon Qarabağ əlilləri və veteranları cəmiyyətinin sədri Əhməd Rəhmənov nəzərdə tutulur- red) kömək etdi. O, burada Yurinin oxuduğu məktəbə getdi, oradan yuxarı sinif şagirdlərindən ayırdılar, bayraq ilə fəxri qarovul təşkil etdilər. Dəfn mərasimi adına layiq təşkil olunmuşdu. Mən anayam, oğlumu da burada tərifləmək fikrində deyiləm. Bu mənə yaraşmaz. Bu haqda kənardakılar danışmalıdılar. Amma mən anayam və dərdim qurtaran deyil. Onun ölümü ilə barışa bilmirəm. O, yaşamalıydı. Ayaqları olmamasına baxmayaraq, yenə də çox pozitiv bir insan idi. Ağıllı, hərtərəfli inkişaf etmiş bir şəxs idi. Belə vəziyyətdə olmasına baxmayaraq, həyata bağlı biri idi, zarafatından da qalmırdı. Həddən çox kitab oxuyardı. Siyasi cəhətdən də hazırlıqlı idi. İndi evdə təkəm, mən kiminlə danışacağam. Heç kimlə... Qızım hər gün işdədir. Başa düşürəm ki, bu həyatdır. Amma bu cür ədalətsizlik olmaz. Valideynlər övladlarını dəfn edirlər. Bu düzgün deyil, axı... Görünür, belə lazım imiş, Allah belə yazıb.
- Hansı qurumlara müraciət etdiz ona əlil adı almaq üçün? Nə dedilər sizə?
- Yadımdadır, biz daxili işlər nazirinin qəbuluna düşmək üçün ərizə ilə müraciət etmişdik. Həmin vaxtdan illər keçib. Ərizəmizi qəbul etdilər, amma bizi, mənim oğlumu qəbula çağırmadılar. Bilmirəm, o ərizəni nə etdilər. Heç kim bizi dinləmədi. Hələ o vaxt mən bir ana olaraq çığırırdım, kömək edin, oğluma yardım edin. Təxminən 2008-2010-cu illər idi. O vaxt oğlumun hələ bir ayağını kəsmişdilər. Amma bizi dəvət etmədilər, o artıq heç kimə lazım deyildi. OMON-da onu “Malış” ləqəbi ilə çağırırdılar. Çünki yaşca ən balacası idi. OMON-da vuruşmaq ona az gəldi, sonra da Müdafiə Nazirliyinin hərbi hissələri tərkibində Qarabağ döyüşlərində iştirak etdi. Xatirimdədir, Yuri 1995-ci il martın 9-da Azərbaycandan Rusiyaya getdi. Orada ailə qurub evləndi. Martın 17-də isə Bakıda OMON hadisələri baş verdi. O, hadisələrdən sonra məni polisə apardılar.
- Sizi niyə polisə çağırdılar ki?
- O vaxt işləyirdim. Yoldaşım onda sağ idi, ancaq yataq xəstəsi idi. Məni birbaşa iş yerindən polisə apardılar. Soruşurdular ki, oğlun haradadır. Bildirdim ki, o, Bakıdan Rusiyaya hələ martın 9-da gedib, bu hadisələrdən əvvəl. Məni Mərdəkandakı polisə aparmışdılar. Səhər tezdən ta gecəyə kimi orada dəmir barmaqlıqlar arxasında saxladılar. Görünür, mənim verdiyim cavablar onların xoşuna gəlməmişdi. Yalvarırdım ki, ərim ağır xəstədir, o tək qalıb, baxanı yoxdur, buraxın gedim, amma gecə yarıya qədər orada saxladılar. İndi düşünürəm ki, o vaxt Yurini Allah qoruyub. Yoxsa onu da digər günahsız OMON-cular kimi heç nədən həbsə atacaqdılar.
P.S. Bu ailə artıq o qədər haqsızlıqla üzləşib ki, hətta bu müsahibənin dərcinin də onlar üçün problem yaradacağından ehtiyat edirdilər. Ümid edirik ki, onlar yanılmış olacaqlar - heç olmasa bu məsələdə...