“Krediti olanlar da sosial yardım ala biləcək“

“Krediti olanlar da sosial yardım ala biləcək“ backend

Ünvanlı sosial yardım həm təkmilləşdirilir, həm də bu sahədə qaydalar dəyişir. Artıq krediti olanlar da sosial yardım ala biləcəklər.

Kreditləri olan insanlar da ünvanlı sosial yardım ala biləcək.

Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, yaxın günlərdə Nazirlər Kabinetinin bununla baglı qərarı olacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə gəlirləri aşağı olan ailələr, həyat şəraitinin çətinləşməməsi üçün ünvanlı sosial yardım sistemindən yararlana biləcək.

Ünvanlı sosial yardım sistemi həm də avtomatlaşdırılacaq. Yeni qaydalara əsasən ünvanlı sosial yardımın təyin olunması, müraciətlər və imtina edilməsi avtomatlaşdırılmış şəkildə həll ediləcək.

Səlim Müslümov: "Hazırda bu prosesin avtomatlaşdırılması istiqamətində işlər görülür. Proqram təminatları hazırdır, yaxın vaxtlarda Bakının 2 rayonunda test işlərinə start veriləcək və Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olunacaq. Ünvanlı sosial yardımın təyin olunması və bunun üçün müraciət edilməsi, yaxud imtina edilməsi qaydaları yeni avtomatlaşdırılmış qaydalarla aparılacaq. Qaydalara əsasən, kredit öhdəliyinə görə olan məhdudiyyət aradan qaldırılacaq. Yeni qaydalar yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. Müəyyən qrup insanlar var ki, zamanında banklardan istehlak kreditləri götürüblər, bu gün isə həmin kreditləri qaytara bilmirlər. Eyni zamanda ailənin gəlirləri çox aşağı olduğu üçün onların kredit öhdəlikləri həmin ailənin gəlirinin 50%-dən yuxarı çıxır. Nəticədə onlar nə krediti ödəyə bilir, nə də ünvanlı sosial yardımı ala bilirlər. Bu da onların müəyyən qədər yaşam şəraitlərini xeyli çətinləşdirir. Ona görə, ölkə prezidentinin tapşırığına əsasən, bu məhdudiyyətlər götürüləcək. Bununla, həqiqətən gəlirləri aşağı olan və yaşam şəraitində problemləri olan ailələr belə istehlak kreditləri olmalarına baxmayaraq ünvanlı sosial yardım sisteminin üstünlüklərindən istifadə edə biləcəklər".