Bu ildən ilk dəfə təşkil olunacaq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsi üzrə ayrılan plan yerlərinin sayı məlum olub.
AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev APA-ya açıqlamasında deyib ki, 2015/2016-cı tədris ili üçün AMEA magistraturasına 7 ixtisas üzrə 20 plan yeri ayrılıb.B. Əliyev bildirib ki, magistraturaya qəbul imtahanının I mərhələsi artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilib: “Növbəti mərhələdə isə ixtisas seçimi həyata keçiriləcək. İxtisas seçimi zamanı magistraturaya sənəd verənlər AMEA-nın magistraturasını da seçə biləcəklər və onlar 7 ixtisas üzrə ayrılan 20 plan yerindən birində təhsil almaq imkanı əldə edəcək. Magistraturaya qəbul aparılacaq ixtisaslara dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası daxildir. Seçim nəticəsində bu il AMEA-nın magistratura pilləsində 20 nəfər təhsil alacaq”.