Yanvarın 19-da L. və M.Rostropoviçlərin ev muzeyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan “Şəhidlər olmazsa Vətən dirilməz...” mövzusunda tədbir keçirilib.
Qaziler.az bildirir ki,“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu qurumun L. və M.Rostropoviçlərin ev muzeyi ilə birgə təşkil etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Muzeyin direktoru Şeyla Heydərova 20 Yanvar faciəsinin heç vaxt unudulmayacağını, şəhidlərin müstəqilliyimizin əldə olunmasında rolunu xüsusi vurğulayıb.
Digər çıxış edənlər də 20 Yanvar hadisələrinin Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik tarixi hadisələrdən biri olduğunu vurğulayıblar.
Sonra tədbir bədii hissə ilə davam edib. M.Rostropoviçin dirijorluğu ilə səslənən klassik musiqilərdən, muzeyin zəngin fondunda saxlanan xarici və Azərbaycan klassiklərinin audio-video yazılarından musiqi nümunələri səsləndirilib. Tədbirdə Xalq Şairi B.Vahabzadənin 20 Yanvar faciəsinə həsr etdiyi “Şəhidlər” şeiri və digər şeirlərdən ibarət bədii kompozisiyalar təqdim olunub.
Tədbirdə beynəlxalq və respublika müsabiqələri laureatları, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Bülbül adına orta ixtisas məktəbinin şagirdlərinin ifasında Q.Qarayev, F.Əmirov, A.Məlikov, F.Bədəlbəyli, S.Bax, Y.Haydn, S.Raxmaninov və başqalarının klassik musiqiləri səsləndirilib.