Azərbaycan dövlətinin, onun Prezidenti İlham Əlievin Qarabağ əlillərinə, şəhid ailələrinə diqqət və qayğısı artdıqca bu statusu almaq istəyənlərin də sayı durmadan artır. Düzdür, onlar arasında uzun illərdir bir sıra obyektiv və subyektiv səbəbdən bu statusu ala bilməyənlər, amma haqq edənlər də var. Digər tərəfdən buna haqq çatmayanlar da az deyil. Birincilər öz problemlərini həll edə bilmədiyi halda, ikincilər müxtəlif yollarla məqsədlərinə nail olurlar.
Təəssüf! Burada müvafiq qurumlarla yanaşı cəmiyyətin - bizlərin də günahı var. Hər gün mediada bunla bağlı müxtəlif rəqəmlərlə rastlaşırıq. Bəs Azərbaycanda nə qədər şəhid ailəsi, Qarabağ əlili və veteran var?QAZİLER.AZ saytı bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdi. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin bizə verdiyi məlumata görə, cari ilin 01 yanvar tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin olunan şəhid ailələrinin sayı 12779 və 20 Yanvar şəhidi ailələrinin sayı 119-dur.
Habelə ƏƏSMN tərəfindən ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan 11994 nəfər (Qarabağ əlili-red), 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan 327 nəfər Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin edilir.
Yəni hələlik ən dəqiq rəsmi məlumat budur:
Şəhid ailəsi (20 yanvarla bir yerdə): 12898 nəfər
Qarabağ əlili: 11994 nəfər
20 yanvar əlili 327 nəfər
Müharibə veteranı isə 49692 nəfər
QAZİLER.AZ