Nazir Çex Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Nazir Çex Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb backend

Azərbaycanla Çexiya arasında əmək və sosial müdafiə sahəsində birgə əməkdaşlığı nəzərdə tutan nümunəvi saziş layihəsi hazırlanıb.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka arasında görüş olub. Görüşdə S.Müslümov Azərbaycanla Avropa İttifaqının üzvü olan Çexiya arasında münasibətlərin inkişafından bəhs edib, iki ölkənin prezidentlərinin, eləcə də ayrı-ayrı sahələr üzrə rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin siyasi və iqtisadi, habelə humanitar əlaqələrin güclənməsinə səbəb olduğunu, qarşıdakı dövrdə daha geniş əməkdaşlıq sahələrini əhatə etməsinə imkan yaratdığını vurğulayıb.

Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətlər barədə səfirə məlumat verən nazir ölkəmizdə əmək siyasətinin, habelə respublika əhalisinin 23 faizdən çoxunu əhatə edən sosial təminat sisteminin təkmilləşdirilməsi sahəsində aparılan islahatlardan da söz açıb: “Bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üçün prioritet fəaliyyət sahələrindən biri də beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Bu, bizə aparılan islahatlarda dünyanın mütərəqqi təcrübələrini öyrənməyə və tətbiq etməyə, habelə ayrı-ayrı ölkələrlə müvafiq iş sahələrində fəal təcrübə mübadilələri aparmağa imkan verir”.
Hazırda ƏƏSMN-nin Avropa İttifaqının üzvü olan bir sıra ölkələrin aidiyyatı qurumları ilə əməkdaşlıq təcrübəsinə malik olduğunu qeyd edən S.Müslümov bildirib ki, Azərbaycanla Çexiya arasında münasibətlərin getdikcə inkişaf etməsi bu ölkə ilə də əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradıb. Ötən dövrdə sosial müdafiənin bir sıra aspektləri ilə bağlı Azərbaycandan nümayəndə heyətləri Cexiyada olaraq, bu ölkənin təcrübəsini öyrəniblər: “Lakin hesab edirəm ki, Azərbaycanla Çexiya arasında əmək, əməyin mühafizəsi və məşğulluq, peşə standartlarının hazırlanması və tətbiqi, əmək bazarı statistikasının təkmilləşdirilməsi, işçi resurslarının keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi və onların əmək bazarına inteqrasiyası, həssas qruplar üçün sosial xidmətlərin təşkili və digər sahələr üzrə sistemli əməkdaşlıq əlaqələrinin qurulması məqsədyönlü addım olar. Bu sahələrlə bağlı əməkdaşlığın həyata keçirilməsi üçün nümunəvi saziş layihəsi hazırlanıb və Çexiyanın aidiyyəti dövlət qurumuna göndərilməsi nəzərdə tutulub”.

V.Pivonka Azərbaycan-Çexiya münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə məsələlərini də əhatə etməsi, bu yöndə uğurlu addımların atılması üçün səfirlik tərəfindən müvafiq səylərin göstəriləcəyini diqqətə çatdırıb. Görüşdə Azərbaycan və Çexiya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Diaspora