Cari ilin fevral ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "142-Çağrı mərkəzi"nə 7903 müraciət daxil olub.
Onlardan 7216-ı, yəni 91,3 faizi ƏƏSMN-nin fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlər olub və nazirliyin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilməklə şifahi şəkildə cavablandırılıb. Qalan 687 müraciətdə isə ayrı-ayrı vətəndaşların bu və ya digər hüquqlarının müəyyən edilməsi məsələləri, təklif və şikayətləri əksini tapıb və onlar araşdırılaraq cavablandırılması üçün müraciət vərəqəsi tərtib edilməklə nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.Ümumilikdə, son bir ayda “142-Çağrı mərkəzi”nə daxil olan 7903 müraciətin 43,0%-i sosial təminat, 24,97%-i əmək qanunvericiliyi, 13,32%-i nazirliyin elektron xidmətlərindən istifadə, 11,3%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 7,41%-i məşğulluq məsələləri ilə bağlı olub. ƏƏSMN tərəfindən vətəndaşların müraciətlərinin operativ və obyektiv, qanunvericiliyin tələblərinə uyğun formada cavablandırılması təmin edilib.