20 yanvar şəhidləri İlham və Fərizəyə həsr olunmuş xalçanın təqdimatı oldu

20 yanvar şəhidləri İlham və Fərizəyə həsr olunmuş xalçanın təqdimatı oldu backend

Şəmistan Əlizamanlının ifasında "Şəhidlər xiyabanı" klipi də ictimaiyyətə təqdim edildi Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon şöbəsinin konfrans zalında 20 yanvar şəhidləri İlham və Fərizəyə həsr olunmuş “Səadət” adlı xalçanın təqdimatı oldu.

Təqdimatı giriş sözü ilə təbirin təşkilatçısı, 20 Yanvar Cəmiyyətinin sədri Soltan Əzimzadə açdı. O, xalqımızın 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə yaşadığı faciədən danışıb və faciənin növbəti ildönümü tədbirlərinə 20 yanvar şəhidləri İlham və Fərizəyə həsr olunmuş xalçanın təqdimatı ilə start verdiklərini dedi.

Tədbirin aparıcısı professor Nizaməddin Şəmsizadə bildirdi ki, gələcək nəsillər Azərbaycan tarixinin nişanəsi kimi bu xalçanı muzeylərdə görəcək, sənət nümunəsi onların mənəvi tərbiyəsində böyük rol oynayacaq.



Təbriz xalçaçılıq məktəbinin nümunəsi olan “Səadət” adlı xalçanın müəllifi Təbrizli sənətkar, xalçaçı-rəssam Səməd Təbrizli və digərləri çıxış etdilər.



Təqdimatda millət vəkilləri Flora Qasımova, Zahid Oruc, Aydın Hüseynov, tarixçilər, elm adamları, yazıçılar, şairlər, şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları və digər insanlar iştirak edirdi.



Qeyd edək ki, xalçanın ölçüsü 1.05-1.55 metr, sıxlığı 73-dür. Bu, o deməkdir ki, 100 kvadrat santimetrdə 532 ilmə var. Bütün xalçada isə 8 yüz min ilmə var.

Xalçanın toxunmasında 182 yun sap boyansa da, qarışdırılan rənglərlə birgə “İlham-Fərizə” xalçasında 230-dan çox rəngdən istifadə edilib. Onu da deyək ki, xalçanın ərişləri uzun illər qalsın deyə, ipəkdəndir.

“İlham-Fərizə” xalçası üzərində uzun müddət iş gedib. Bu xalçanın rəssamlıq işi 3 ay, toxunması 7 ay çəkib. Bununla yanaşı, toxunma zamanı rəsmlərin qabarıq forma alması üçün 15 ədəd fərqli qayçıdan istifadə edilib ki, bu işə də 2 ay vaxt sərf edilib.



Sonra Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının ilk dəfə ifa elədiyi “Şəhidlər Xiyabanı” mahnısına çəkilmiş klipin də təqdimatı oldu. Mahnını sözləri Anar Məmmədovun, musiqisi Namiq Zeynalovundur.

Sonda İlham və Fərizə ailəsi adından şəhid İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev həm 20 Yanvar cəmiyyətinin rəhbərliyinə, həm xalçaçı rəssam Səməd Təbrizliyə, həm də tədbirə qatılanlara minnətdarlığını bildirib.







Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Fotolar Tahir Cəfərovundur