"Azərbaycan Hava Yolları" (AZAL) 2016-cı il fevralın 1-dən etibarən Azərbaycanın hava limanlarından olan uçuşlarda aviabilet qiymətlərinin formalaşdırılmasında tam yeni siyasətin tətbiq edilməsini elan edir.
Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yeni konsepsiya çərçivəsində "Azərbaycan Hava Yolları"nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - “Budget”, “Discount” və “Comfort” mövcud olacaq. Artıq 15 yanvar tarixindən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq.
“Budget”, “Discount” və “Comfort” tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412-598-88-80 və ya *8880) məlumat verə bilər. Həmçinin sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.
Baqajın (23 kq-a qədər) uçuşdan ən azı 12 saat əvvəl qeydiyyatı 20 avro təşkil edəcək. Yükün göstərilən vaxtdan gec qeydiyyatı həmin qiymətdən 5 avro baha olacaq.



