Dövlət Sosial Müdafiə Fondu Şəkidə “Açıq qapı günü” - vətəndaş forumu keçirib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Şəkidə “Açıq qapı günü”-vətəndaş forumu keçirib. Azərbaycanın sığorta-pensiya sisteminin xüsusiyyətlərindən ətraflı bəhs olunan regional tədbirə Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar qatılıb.
Forumda bildirib ki, ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb. Uğurla aparılan sosial-iqtisadi siyasət əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də öz müsbət nəticələrini verib, sosial-iqtisadi tərəqqi davam edib. 2014-cü ilin nəticələrinə görə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192,3 manatdır və ölkə üzrə orta aylıq əməkhaqqının 43,5 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir. Hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu.Tədbirdə “Sosial sığorta haqqı gələcək pensiya təminatının əsas vasitəsi kimi” adlı təqdimat olub. Bildirilib ki, pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir. Bu məqsədlə sığorta haqqı normativinin müəyyən hissəsinin işəgötürənin üzərindən tədricən işçinin üzərinə keçirilməsi planlaşdırılır.
Tədbirdə vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə Fondun fəaliyyətinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Regional “Açıq qapı” günü iştirakçıların mövzu ilə bağlı təkliflərinin müzakirə olunması və onların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.