Ədliyyə Nazirliyinin son məlumatına görə, bu il ölkədə 300-dən çox pensiyaçı ailə həyatı qurub. Həmin statistika cəmiyyətdə həm təbəssümlə, həm də tənqidlə qarşılanıb.
Qaziler.az xəbər verir ki, paytaxt sakinləri mövzu barədə fikirlərini Baku TV ilə bölüşüblər.
Vətəndaşlardan biri bildirib: "Ailə həmişə lazımdır. Vacibdən də vacibdir. Hamı istədiyi vaxt ailə qura bilər. Bunun nə ziyanı var ki?!"
Digər bir şəxs isə deyib: "Hər yaşın öz dövrü var. Bəziləri deyir ki, təkdir, darıxır. Normal adam heç vaxt darıxmaz. Qəbul olunmuş adət-ənənələr var. Bu baxımdan, belə hallara çox pis baxıram".
Bəs insanlar niyə ahıl yaşda ailə qurmağa qərar verirlər? Qərarın arxasında tənhalıq, emosional ehtiyac, maddi maraq, yoxsa sosial səbəblər dayanır?
Psixoterapevt Rövşən Nəcəfovun sözlərinə görə, yaşlı insanların daha çox sabitliyə və qayğıya ehtiyacları olur:
"Bu ehtiyaclar insanı yenidən ailə həyatı qurmağa sövq edə bilər. Məsələn, həyat yoldaşını itirmiş şəxs yenidən ailə qurmaq istədikdə cəmiyyətdəki müxtəlif yazılmamış qaydalarla üzləşir. Burada vacib məqam dialoqdur. Çünki insanın şəxsi həyatı ilə bağlı verəcəyi qərarı nə övladları, nə də valideynləri müəyyənləşdirməlidir. Tənhalıq insanın həm psixoloji, həm də fiziki ehtiyaclarını üzə çıxarır. Belə hallarda şəxs bəzən adekvat addım atmaya da bilər. Lakin insan yaşından asılı olmayaraq səhv etməkdən qorxmamalıdır. Evlilik psixoloji seçim olsa da, hüquqi baxımdan tənzimlənir. Buna görə də, seçimlərimizdə sağlam qərarlar verməyə çalışmalıyıq".