Yaxın günlərdə Baş nazir Əli Əsədov 70 yaşını tamamlayacaq. 1956-cı ildə Bakıda anadan olan hökumət başçısı uzun illər Prezident Administrasiyasında müxtəlif məsul vəzifələrdə çalışıb. 2019-cu ilin oktyabrından Azərbaycan Respublikasının Baş naziridir.
Bununla əlaqədar ölkənin dövlət idarəçiliyində uzun illərdir yüksək vəzifələr tutan, yaş göstəricilərinə görə seçilən məmurlar da diqqət mərkəzinə gəlir.
Qanunvericiliyə əsasən, dövlət qulluqçuları üçün son yaş həddi 65 müəyyən edilsə də, bu məhdudiyyət siyasi vəzifə tutan şəxslərə şamil olunmur. Digər dövlət qulluqçularının isə dövlət qulluğunda olma müddəti müvafiq qərarlarla uzadıla bilər.
Qaziler.az xəbər verir ki, "Modern.az" yaşı 70-i ötən və yüksək dövlət vəzifələrində çalışan şəxslərinin siyahısını təqdim edir.
Yaqub Eyyubov - 81 yaş
Siyahının ilk pilləsində Baş nazirin birinci müavini Yaqub Eyyubov qərarlaşıb. 24 oktyabr 1945-ci ildə Mingəçevirdə anadan olan Eyyubovun hazırda 81 yaşı var. Texnika elmləri doktoru, professor olan Yaqub Eyyubov 2003-cü ildən bu vəzifəni tutur. O, dövlət idarəçiliyindəki xidmətlərinə görə “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Kamran İmanov - 80 yaş
Bu ay 80 yaşını qeyd edən digər tanınmış dövlət xadimi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovdur. 5 noyabr 1946-cı ildə Bakıda anadan olan İmanov əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və Müəllif Hüquqları Agentliyinə rəhbərlik edib. 2018-ci ildən isə hazırkı vəzifədə çalışır. Yubileyi ərəfəsində Prezidentin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.
Mahmud Məmmədquliyev – 77 yaş
15 fevral 1949-cu ildə Gəncədə anadan olan Məmməd-Quliyevin hazırda 77 yaşı var. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirən diplomat Mahmud Məmməd-Quliyev 1993-cü ildən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəni tutur. O, xarici siyasət sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sədaqət Qəhrəmanova – 77 yaş
1 mart 1949-cu ildə Şəmkirdə doğulan Qəhrəmanova 1995–2005-ci illərdə Şirvan (keçmiş Əli Bayramlı) Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavinidir.
Məzahir Pənahov – 75 yaş
13 mart 1951-ci ildə anadan olan fizika-riyaziyyat elmləri doktoru, professor Məzahir Pənahov 2000-ci ildən Mərkəzi Seçki Komissiyasına (MSK) rəhbərlik edir. O, bu ilin aprelində yenidən komissiyanın sədri seçilib.
Sahib Ələkbərov – 74 yaş
10 yanvar 1952-ci ildə Samuxda anadan olan Sahib Ələkbərov əvvəllər Səbail Rayon İcra Hakimiyyətinin başçısı və vergilər nazirinin müavini vəzifələrində çalışıb. 2020-ci ilin aprelindən iqtisadiyyat nazirinin müavinidir.
Firudin Qurbanov – 74 yaş

29 avqust 1952-ci ildə Ağsu rayonunda anadan olan Qurbanovun hazırda 74 yaşı var. İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent olan Firudin Qurbanov 2014-cü ildən Elm və Təhsil nazirinin müavini vəzifəsini tutur. O, dövlət qulluğunda və təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Əsgər Rəsulov – 72 yaş

3 mart 1954-cü ildə Naxçıvanda anadan olan filologiya elmləri doktoru, professor Əsgər Rəsulov 2012–2018-ci illərdə Milli Arxiv İdarəsinin rəis müavini olub. 2018-ci ilin iyulundan isə idarənin rəisi vəzifəsində çalışır.