MRT və KT müayinələri pulsuz deyil? – Agentliyin açıqlaması

MRT və KT müayinələri pulsuz deyil? – Agentliyin açıqlaması backend

İcbari tibbi sığorta çərçivəsində MRT və KT müayinələrindən yararlanmaq istəyən vətəndaşlar xidmətin tarifinin 20 faizi həcmində müştərək maliyyələşmə haqqı ödəməlidirlər.

Qaziler.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə ixtisaslı həkim tərəfindən təyin olunan maqnit-rezonans tomoqrafiyası (MRT) və kompüter tomoqrafiyası (KT) müayinələri daxildir.

Vətəndaşlar bu xidmətlərdən yararlanmaq üçün şəxsiyyət vəsiqəsi ilə icbari tibbi sığortanın tətbiq olunduğu dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.

Dövlət tibb müəssisəsində müvafiq müayinənin aparılması mümkün olmadıqda, vətəndaşa Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə göndəriş verilir.

Məlumata görə, ixtisaslı həkimin göstərişi əsasında ambulator şəraitdə aparılan MRT və KT müayinələri üçün Xidmətlər Zərfində müəyyən edilmiş tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği tətbiq olunur. Həmin məbləğə əlavə olaraq ƏDV də hesablanır.

Müayinənin tarifinin qalan hissəsi isə Agentlik tərəfindən qarşılanır.