Səbinə Əliyeva Azərbaycanın Ombudsmanı kimi ikinci dəfə vəzifəsinin icrasına başlayacaq.
Qaziler.az bildirir ki, S.Əliyeva noyabrın 3-də Milli Məclisin qərarı ilə ikinci dəfə Ombudsman seçilib. Sözügedən qərar noyabrın 29-dan qüvvəyə minəcək.
Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə paytaxtın Nəsimi rayonundakı 8 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2000-2002-ci illərdə isə magistr təhsili alıb və hər iki pilləni fərqlənmə diplomu ilə başa vurub. 2009-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb. 2016-cı ildə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan qanunvericiliyinə tətbiqi mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanıb.
Əmək fəaliyyətinə 2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində başlayıb və burada müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən 2019-cu ilədək Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutub. 2016-cı ildə ona 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib. 2019-cu il noyabrın 29-da Milli Məclis tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. 2026-cı il noyabrın 3-də isə növbəti yeddi il müddətinə yenidən bu vəzifəyə seçilib.
Səbinə Əliyeva Ombudsman kimi fəaliyyət göstərdiyi dövrdə insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş müraciətlərinin araşdırılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, uşaqların, qadınların və əlilliyi olan şəxslərin hüquqlarının qorunması istiqamətində çalışıb. 2020-ci ildə Vətən müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər, Naftalan və digər ərazilərdə mülki obyektlərə hücumlarla bağlı faktaraşdırıcı missiyaların həyata keçirilməsində iştirak edib, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.
Beynəlxalq səviyyədə də təmsil olunan Səbinə Əliyeva 2023-cü il sentyabrın 12-də Asiya Ombudsman Assosiasiyasının vitse-prezidenti seçilib. Həmin ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin üzvü olub. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış “Yüksəliş” müsabiqəsinin mentorudur və COP29 Təşkilat Komitəsinin üzvü təyin edilib.
Trend.az