Bakıda kişi arvadını döyüb.
Qaziler.az "lent.az"a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
40 yaşlı Səbuhi Kərimli (şərti adla) yaşadıqları evdə əl və ayaq zərbələri ilə arvadı Şəbnəmin (şərti adla) bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə qadın bir sıra yüngül xəsarətlər alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Məlumata görə, hadisəyə səbəb isə Səbuhinin oğlunun siqaret çəkməsi olub. Belə ki, o, işdən qayıdanda ikinci dəfə oğlunun siqaret çəkdiyini görüb və mübahisə edib. Mübahisə zamanı Səbuhi oğlunu vurub. Bu zaman işdən gələn Şəbnəm araya girib. Oğlunun döyüldüyünü görən ana ərinə irad tutaraq, kobud cavablar verib. Qadının cavablarından hiddətlənən Səbuhi arvadını da döyüb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyərək, arvadı ilə barışmaq istədiyini deyib. Onun sözlərinə görə, lakin Şəbnəm onunla barışmayıb.
Zərərçəkən qadın da ifadəsində ərini bağışlamadığını deyib. Onun sözlərinə görə, hadisə olan günü Səbuhi uşaqlarını döyüb və o, övladlarının ağladığını görüb. Qadın bildirib ki, həmin gün əri ən çox onu döyüb. Şəbnəm daim onu və uşaqlarını döydüyü üçün ərinin onlardan uzaqlaşdırılmasını, həmçinin azadlıqdan məhrumetmə növündə cəzalandırılmasını istəyib.
Məhkəmənin qərarı ilə Səbuhi Kərimli 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

