Xəzər dənizinin sahilboyu ərazilərində torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, həmçinin müraciətlərin qəbulu prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.
Qaziler.az "Report.az"a istinadla xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.
Onun sözlərinə görə, bu məqsədlə müvafiq qanunvericiliyə yeni normaların daxil edilməsi və elektron müraciət sisteminin yaradılması təklif olunur: "Sahilboyu ərazilərdə torpaq sahələrinin idarə olunması və istifadəyə verilməsi mexanizminin müəyyənləşdirilməsi üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilməlidir. Bu ərazilərdə torpaqların hansı hüquqi əsaslarla istifadəyə veriləcəyi – istifadə hüququ, icarə hüququ və ya mülkiyyət hüququ əsasında – dəqiq müəyyənləşdirilməlidir".
İ.Həbiyev deyib ki, sahilboyu ərazilərdə torpaq sahələrinin mülkiyyət hüququ ilə verilməsi məhdud xarakter daşıyır və bu məsələyə xüsusi yanaşılmalıdır: "Bu sahədə mülkiyyət hüququ bu gün də qanunvericilikdə geniş şəkildə nəzərdə tutulmur. Bununla belə, bəzi dövrlərdə, xüsusilə 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində qanunvericilik əsasında torpaq və müəyyən əmlak əldə etmiş şəxslər, həmçinin həmin ərazilərdə fəaliyyət göstərən biznes obyektləri var. Bu məsələlər irəli sürüləcək təkliflər çərçivəsində nəzərdən keçiriləcək".
Şöbə müdiri söyləyib ki, torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi qaydaları müəyyənləşdirildikdən sonra müraciətlərin vahid elektron platforma üzərindən qəbul edilməsi nəzərdə tutulur: "Yaradılacaq rəqəmsal sistem vasitəsilə vətəndaşlar əraziyə fiziki olaraq getmədən coğrafi informasiya sistemi üzərindən istədikləri torpaq sahəsini seçərək müraciət edə biləcəklər. Məsələn, orada kiçik kafe açmaq və ya müvəqqəti, mövsümi obyekt yerləşdirmək üçün torpaq sahəsi əldə etməyin qaydaları müəyyən olunandan sonra bir pəncərə prinsipi ilə istənilən vətəndaş, istənilən fiziki şəxs coğrafi sistemimiz üzərindən yer seçərək müraciət etmək hüququna malik olacaq".

