Azərbaycanda mineral və qazlı içkilərə yeni vergi gəlir

Azərbaycanda mineral və qazlı içkilərə yeni vergi gəlir backend

Şirinləşdirilmiş mineral və qazlı içkilərin aksizli malların siyahısına daxil ediləcək.

Trend-in müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Dəyişiklik qəbul ediləcəyi təqdirdə, yerli istehsal olunan bu içkilərin hər litrinə görə 0,10 manat aksiz vergisi tətbiq ediləcək.

Yeni dəyişiklik şirinləşdirilmiş mineral və qazlı içkilərin aksizli mallar, həmçinin aksiz markası ilə markalanmalı məhsullar siyahısına daxil edilməsini nəzərdə tutur.

Dəyişikliyin əsas məqsədlərindən biri ictimai sağlamlığın qorunması və istehlak davranışlarının tənzimlənməsidir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı şəkər tərkibli içkilərin istehlakının azaldılması üçün bu məhsullara vergi tətbiqini üzv dövlətlərə tövsiyə edir.

Qeyd olunur ki, belə vergilərin tətbiqi piylənmə, diabet və digər qeyri-infeksion xəstəliklərin yayılmasının qarşısının alınmasına töhfə verə bilər. Hər litrə 0,10 manat aksiz vergisinin tətbiqinin sağlam qida seçimlərini təşviq edəcəyi və uzunmüddətli səhiyyə xərclərinin azalmasına xidmət edəcəyi gözlənilir.

Bundan əlavə, aksiz markalanması məhsulların dövriyyəsinin izlənməsini asanlaşdıracaq, qeyri-qanuni istehsal və idxalın qarşısının alınmasına imkan verəcək.

Dəyişikliyin yerli istehsalçılara da təsir göstərəcəyi bildirilir. Belə ki, bu mexanizmin istehsalçıları daha sağlam alternativ məhsullar hazırlamağa yönəldəcəyi və bazarda keyfiyyət rəqabətini gücləndirəcəyi gözlənilir.

Aksiz vergisinin tətbiqi nəticəsində büdcəyə əlavə vəsait daxil olacaq. Həmin vəsaitin səhiyyə və maarifləndirmə proqramlarının maliyyələşdirilməsinə yönəldilməsi mümkündür.

Beləliklə, təklif olunan dəyişiklik həm əhalinin sağlamlığının qorunmasına, həm də vergi inzibatçılığında şəffaflığın artırılmasına xidmət edir.