Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, “Gülüstan” sarayında təşkil olunan və iki gün davam edəcək tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, peşə və ali təhsil müəssisələrinin, Nazirlik yanında İctimai şuranın üzvləri, işəgötürənlər, xarici ekspertlər, təhsil mütəxəssisləri, məzunlar, həssas qruplarla iş üzrə mütəxəssislər iştirak edirlər.
“Gələcəyin əmək bazarı – innovasiyadan məşğulluğa” devizi ilə keçirilən tədbirin əsas məqsədi innovasiya, rəqəmsallaşma və süni intellektin əmək bazarına təsirini müzakirə etmək, elm, təhsil və əmək bazarı arasında əlaqəni gücləndirməkdir. Eyni zamanda, işəgötürənlər, tələbələr və məzunlar arasında əlaqələrin qurulması üçün platforma yaratmaq, həssas qrupların məşğulluq imkanlarını genişləndirmək və peşə hazırlığı sahəsində yeni yanaşmaları müzakirə etmək də forumun əsas hədəfləridir.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev müasir dövrdə əmək bazarında baş verən dəyişikliklərin məşğulluq siyasətinin yeni çağırışlara uyğunlaşdırılmasını zəruri etdiyini vurğulayıb. O bildirib ki, rəqəmsallaşma, texnoloji yeniliklər və süni intellekt əmək münasibətlərinə, peşələrə və işəgötürənlərin tələblərinə ciddi təsir göstərir. Bu baxımdan dövlət qurumları, təhsil müəssisələri, işəgötürənlər və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Milli Məşğulluq Forumu da müvafiq mövzuda təcrübə və fikir mübadilələrinin aparılması, yeni əməkdaşlıqların qurulması və gələcəyin əmək bazarına dair yanaşmaların müəyyən edilməsi baxımından önəmli platformadır.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, süni intellekt, rəqəmsallaşma əmək bazarını, peşələrin məzmununu və insan kapitalına olan tələbləri də sürətlə dəyişir. Bu baxımdan dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz insan kapitalının inkişafıdır.
Rəqəmsal İnkişaf Konsepsiyası, 2025–2028-ci illər üçün süni intellekt Strategiyası, eləcə də rəqəmsal inkişafın sürətlənməsinə dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və insan kapitalının inkişafı üçün mühüm rola malikdir.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bu forumun “Gələcəyin əmək bazarı – innovasiyadan məşğulluğa” devizinin kənd təsərrüfatı sahəsi üçün də əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu gün aqrar sektorda innovativ yanaşmaların tətbiqi, rəqəmsal texnologiyalardan və müasir istehsal üsullarından istifadə əmək bazarında yeni imkanlar yaradır. Aqrar sahənin dayanıqlı inkişafı üçün müasir bilik və bacarıqlara malik kadrların hazırlanması, gənclərin bu sahəyə marağının artırılması və əmək bazarının tələblərinə uyğun peşə hazırlığı xüsusi önəm daşıyır.
Millət vəkili Aydın Mirzəzadə forumun keçirilməsini yüksək qiymətləndirib, süni intellektin və informasiya texnologiyalarının inkişafının əmək bazarında yeni çağırışlar yaratdığını vurğulayıb. Bildirib ki, bu şəraitdə yalnız əmək bazarının tələblərinə uyğun kadr hazırlığı deyil, həm də gələcəkdə yeni iş yerləri yaratmaq bacarığının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Forum çərçivəsində “Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil, dayanıqlı məşğulluq” və “Süni intellekt və əmək bazarı: işlər yox olur, yoxsa dəyişir?” mövzularında yerli və xarici spikerlərin iştirakı ilə panel müzakirələri təşkil olunub. Bununla yanaşı, “Karyera inkişafına süni intellektin təsiri” və “İmkanları fürsətlərə çevir – həssas qruplarla iş” mövzularında vörkşoplar keçirilib. Tədbirin ikinci günündə əmək bazarının aktual məsələlərinə dair yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr təşkil olunacaq. Həmçinin, gənclər və işəgötürənlərin iştirakı ilə “İstedadlar Sərgisi” keçiriləcək.

