8 Noyabr – Zəfər Günü 60 milyonluq dünya azərbaycanlılarının və 350 milyonluq Türk dünyasının qürur və zəfər günüdür. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Azərbaycan Ordusu və xalqımızın sarsılmaz birliyi, qətiyyəti və iradəsi öz tarixi bəhrəsini verdi. Şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şuşa şəhərini işğaldan azad etdi və bununla da Zəfərə gedən yolun həlledici mərhələsini təmin etdi. Biz də öz növbəmizdə 8 Noyabr – Zəfər Gününü müqəddəs və əlamətdar gün kimi qeyd edirik.
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədr müavini Şəhla Hüseynovanın təşkilatçılığı ilə 8 noyabr 2026-cı il tarixində “Mübarək” şadlıq evində qazilərimiz üçün bayram tədbiri keçirilib.
Qaziler.az xəbər verir ki, bu barədə MVQSYİB-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, təşkilatın qazilərimizə göstərdiyi diqqət və ehtiramın ifadəsi olan tədbirdə onların şərəfinə bayram süfrəsi açılıb. Musiqi sədaları altında davam edən tədbir qazilərimizə xoş anlar yaşadıb, gündəlik qayğılarından və sağlamlıq problemlərindən bir neçə saatlıq da olsa uzaqlaşaraq mənəvi istirahət etmələrinə şərait yaradıb.
Tədbir çərçivəsində qazilərimizə Zəfər Günü münasibətilə bayram təbriknamələri də təqdim olunub.
Yüksək səviyyədə təşkil edilmiş tədbirə və qazilərimizə göstərdiyi diqqətə görə Şəhla Hüseynovaya Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin bütün kollektivi adından dərin təşəkkür edilib.
Bir daha bütün şəhid analarımızın, şəhid ailələrimizin, qazilərimizin, müharibə veteranlarımızın və xalqımızın Zəfər Günü mübarək olsun!
Qarabağ Azərbaycandır! Qarabağ həmişə Azərbaycan olub və bundan sonra da belə olacaq!

