14 noyabr 2026-cı il tarixində Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasın təşkilatçılığı ilə görüş keçirilib.
Qaziler.az xəbər verir ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin ofisində təşkil olunan tədbirdə şəhid anaları, qazilər, Türkiyədən gəlmiş QHT rəhbərləri və ictimai fəallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Radə Abbas Türkiyədən gələn qonaqları salamlayaraq onlara xoş gəldiniz deyib. Daha sonra şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Ardınca Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Görüşün əsas məqsədi Türkiyədən gələn QHT rəhbərlərini və ictimai fəalları qarşılamaq, eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin vəfatı ilə əlaqədar qonaqların başsağlığı müraciətlərini qəbul etmək olub.
Türkiyədən gələn nümayəndə heyətinin üzvləri mərhum Füzuli Rzaquliyevin vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verərək, Azərbaycan və Türkiyə qardaşlığının əhəmiyyətini vurğulayıblar. Çıxışlarında “Hər bir qazi Türklüyün şanıdır” fikrini ifadə edərək mərhumun xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri Fəqan Hüseynov tanışlıq məqsədilə çıxış edərək iştirakçıları təqdim edib.
Şəhid anası, QHT rəhbəri Seyran Həsənova da çıxış edərək qonaqları salamlayıb, onların Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Türkiyə-Azərbaycan birliyinin vacibliyini və bu qardaşlığın qorunmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Türkiyədən gələn nümayəndə heyətinin rəhbəri Ali Koray başsağlığı nitqindən sonra çıxış edərək Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyətindən danışıb. O, həyatın ən vacib dəyərlərindən birinin Türkiyə və Azərbaycan qardaşlığının qorunması olduğunu qeyd edib.
Tarixçi-etnoqraf Ramazan Hüseynov çıxışında Türkiyə və Azərbaycan xalqlarının ortaq tarixindən, keçmişdə baş vermiş mühüm hadisələrdən və iki xalq arasında əsrlər boyu davam edən qardaşlıq münasibətlərindən bəhs edib. O, bu tarixi bağlılığın gələcək nəsillərə də ötürülməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açılıb, iştirakçılara çay və şirniyyat təqdim olunub.
Görüşdən sonra Türkiyədən gələn qonaqların iştirakı ilə şəhidlərimizin məzarları və Türk Şəhidliyi abidəsi ziyarət edilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Tədbir Türkiyə və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin, eləcə də şəhid ailələrinə və müharibə veteranlarına göstərilən diqqət və ehtiramın əhəmiyyətini bir daha nümayiş etdirib.

