Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı "DOST Evi" filialının fəaliyyətinin 3 ili tamam olur.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, 2023-cü il noyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan filialda ötən müddət ərzində həssas əhali qruplarından olan 150 vətəndaşa xidmət göstərilib.
Onların sosial adaptasiyası, yaradıcılıq bacarıqlarının inkişafı və cəmiyyətə fəal inteqrasiyası istiqamətində 80-dən çox müxtəlif tədbir və layihə, o cümlədən yaradıcılıq yarmarkaları, səyyar xidmətlər reallaşdırılıb.
Hazırda filialda həssas qruplardan olan 109 nəfər müxtəlif istiqamətlər üzrə yaradıcılıq təlimlərinə cəlb edilib, sosial-psixoloji dəstək xidmətləri təmin olunub.
Mərkəzdə dulusçuluq, bədii oyma, təsviri incəsənət, toxuma və tikmə, dərzilik kimi ənənəvi sahələrlə yanaşı, İsmayıllı bölgəsinin zəngin sənətkarlıq irsini yaşadan misgərlik sənəti üzrə də təlimlər keçirilir. Filialda hazırlanan 50-dən artıq əl işinin Mərkəzin “dostart.az” elektron portalı üzərindən satışı həyata keçirilərək, həssas kateqoriyalara aid müəlliflərin sosial rifahının yaxşılaşdırılmasına dəstək göstərilib.
Mərkəzdə təlimləri uğurla başa vuran 2 benefisiar hazırda filialda təlimçi kimi çalışır, bacarıqlarını həssas qruplardan olan digər istedadlı şəxslərlə bölüşür.
Muğanlı–İsmayıllı yolunun 16-cı kilometrliyində yerləşən filialın binası müasir infrastrukturu ilə bölgənin memarlıq və landşaftına xüsusi estetik gözəllik qatır.
İsmayıllı “DOST Evi” regionda inklüziv mühitin və həssas kateqoriyalardan olan sənətkarların məşğulluq imkanlarının genişləndirilməsi, yerli sənətkarlıq ənənələrinin qorunması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

