Bakı-Sumqayıt yolunda müşahidə olunan nəqliyyat sıxlığı bayram günlərinin başa çatması ilə əlaqədar vətəndaşların bölgələrdən paytaxta kütləvi şəkildə qayıtması nəticəsində yaranıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
"Hazırda sözügedən ərazidə yol hərəkəti Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. Nəqliyyat axınının tənzimlənməsi və sıxlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları, ara məsafəsini gözləmələri və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur. Hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.
20:42
Bakı-Sumqayıt yolunda saatlarla davam edən tıxac yaranıb.
Bu barədə Oxu.Az-a sürücülər məlumat veriblər.
Qeyd olunub ki, metronun "20 Yanvar" stansiyası və Xırdalan dairəsi istiqamətlərində avtomobillərin hərəkətində ciddi çətinlik müşahidə olunur.
Sürücülər bir saatdan artıqdır yolda qaldıqlarını, avtomobillərin hərəkətinin xeyli ləngidiyini bildirirlər.
Sosial şəbəkələrdə də sürücülər və sərnişinlər tıxacla bağlı narazılıqlarını ifadə ediblər. Bəzi vətəndaşlar uzun müddətdir belə sıxlıqla qarşılaşmadıqlarını yazıblar.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

