32 il əvvəl öldürülmüş Yüsif Orucovun qətlinin şok detalları - Prezidentə müraciət edildi

32 il əvvəl öldürülmüş Yüsif Orucovun qətlinin şok detalları - Prezidentə müraciət edildi backend

I Qarabağ müharibəsinin iştirakçısı Yusif Orucovun müəmmalı qətli ilə bağlı qardaşı İbrahim Orucov "ordum.az" saytına müraciət edib. O, bildirib ki, qətl hadisəsində iştirak edən şəxslərdən biri Elşad Əliyev Səs TV-nin canlı (https://www.youtube.com/live/z_hZNYcP-ss) efirində qətlin təfərüatlarını etiraf edib.

Qaziler.az adıçəkilən sayta istinadla xəbər verir ki, bundan sonra iş Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən nəzarətə götürülüb.

"Onu da qeyd edim ki, Səs TV-nin efirindən sonra Elşad Əliyev eyni məzmunda cinayətdə iştirakını etiraf etdi. Space TV-nin canlı efirindən Daxili İşlər Nazirliyinin əməkdaşları Elşad Əliyevi polis orqanlarına dəvət edərək izahatını aldılar. Lakin hələ də qardaşım Yusif Orucovu qətlə yetirməkdə təqsirkar olan şəxslər azadlıqda gəzir", - qətlə yetirilən qazinin qardaşı İbrahim Orucov bildirib. 

İbrahim Orucov onu da qeyd edib ki, cinayətdə iştirak edən qatillər “Biz məsələni həll etmişik, bizi heç kim tuta bilməz”, – deyirlər.

Qeyd edək ki, Sədərək döyüşlərinin iştirakçısı, Şərur rayon Dərə kənd sakini Yusif Barı oğlu Orucovun 1995-ci ildə həyata keçirilən müəmmalı qətli ilə bağlı təfərüatlar bəlli olub. Belə ki, Yusif Orucovun qətlində iştirak etmiş şəxslərdən biri Elşad Əliyev Səs TV-nin və Space TV-nin efirində qətlin bütün detallarını açıqlayıb. Belə ki, Elşad Məcid oğlu Əliyev 1995-ci ildə qardaşı Elxan Məcid oğlu Əliyev və onun Elnur adlı kirvəsi ilə birlikdə Nərimanov metrostansiyasının yaxınlığında Yusif Orucovu avtomobilə mindirərək Hövsan qəsəbəsində tullantıların atılması üçün nəzərdə tutulan əraziyə apardıqlarını və orada onu bıçaqlayaraq öldürdüklərini etiraf edib. O, bunu vicdan əzabı çəkməsi ilə izah edib. Elşad Əliyev “Cəzamız nədirsə, çəkək. Bu məsələni gənclərin öhdəsinə buraxmayaq”, - deyib. 

Verilişdə Elşad Əliyev onu da bildirib ki, qardaşı Davud Əliyev Yusifi öldürdükdən sonra atası Barı Orucova Yusifin adından saxta məktub göndərib. Həmin məktubda Yusifin Türkiyədə PKK-ya qoşulduğu barədə məlumat verilib. İbrahim Orucovun sözlərinə görə, atası bu dərdin acısına dözməyərək dünyasını dəyişib.

İbrahim Orucov "ordum.az" saytının redaksiyasına müraciət edərək I Qarabağ müharibəsinin iştirakçısı olmuş qardaşı Yusif Orucovun qətlinin araşdırılmasının ölkə başçısı, Prezident İlham Əliyevin nəzarətinə götürülməsini xahiş edib. O, yalnız bu halda cinayət işinin obyektiv və hərtərəfli araşdırılacağına inandığını bildirib.

İbrahim Orucov Prezident İlham Əliyevə müraciət edərək qətl hadisəsinin iştirakçısının etirafının nəzərə alınmasını və işin nəzarətə götürülməsini xahiş edib.