“Milli Qəhrəmanların irsinin tanıdılması” layihəsi çərçivəsində tədbir keçirilib - FOTO 

“Milli Qəhrəmanların irsinin tanıdılması” layihəsi çərçivəsində tədbir keçirilib - FOTO  backend

"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı ildə elan etdiyi kiçik qrant müsabiqəsinin qaliblərindən biri də "Vətən Uğrunda" Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin "Milli Qəhrəmanların irsinin tanıdılması" adlı layihəsidir."

Qaziler.az xəbər verir ki, bu barədə layihə rəhbəri Hikmət Əsgərov məlumat verib. 

29 iyul 2026-cı il tarixində layihənin növbəti tədbiri Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyin 1, Veteran evinin tədbir salonunda keçirilib. Tədbiri giriş sözü ilə açan layihə icraçısı Radə Abbas iştirakçıları salamladıqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra R.Abbas layihənin məqsədi və tədbirdə geniş bəhs olunacaq şəhid Milli Qəhrəmanlarımız barədə ətraflı məlumat verib. Qəhrəmanlığın təbliği və şəhidlərin tanıdılması məqsədini daşıyan layihənin tədbirinə şəhid Milli Qəhrəmanların ailələri, qazilər və ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən şəhid ailələri övladlarının keçdiyi şərəfli döyüş yolundan bəhs ediblər. Azərbaycanın Milli Qəhrəmanları Eldar Xəlilov və Samir Xasiyevin, eləcə də şəhid Zaur İsmayılzadənin valideynləri övladları ilə qürur duyduqlarını vurğulayıblar. Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən soydaşlarımızın unudulmaması məqsədilə təşkil olunan bu görüşdən məmnun qaldıqlarını bildiriblər.

Çıxış edənlər şəhidlər arasında heç bir fərq qoyulmamasının, unudulmaqda olan və az tanınan qəhrəmanlarımızın xatırlanaraq ictimaiyyətə tanıdılmasının, həmçinin şəhid ailələrinə qarşı hər hansı laqeydliyin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıblar. Sonda şəhid ailələri layihə təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər. Tədbir foto və videoçəkilişlərin aparılması, həmçinin xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.