Xəbər verdiyimiz kimi, deputat Aqil Abbas bu gün Milli Məclisdə Ağdamda ona ev verilməməsindən şikayətlənib, spiker Sahibə Qafarova isə ona irad bildirib.
Qaziler.az bildirir ki, bununla bağlı Ağdamdan olan qazi Rey Kərimoğlu öz fikirlərini saytımızla bölüşərək Aqil Abbası müdafiə edib.
Aqil Abbasın haqlı olduğunu deyən qazi onun və digərlərinin vaxtilə yaşadığı rayonda mülkiyyət hüququnun olduğunu deyir:
"Aqil Abbasın Milli Məclisdə qaldırdığı məsələ haqlı məsələdi. Bu gün belə insanlar Füzulidə də, Şuşada da, digər yerlərdə də var. Sayları elə də çox deyil: hər rayonda 10-15 nəfər olar. Onların orada mülkiyyət hüququ olub. Bu, verilməlidir. Mən də elə düşünürəm. Çox təəssüf edirəm ki, Sahibə xanım Aqil müəllimə qarşı o cür şantaj xarakterli çıxış edib, guya millət vəkili dövlətin gördüyü işin üzərinə kögə salıb.
Aqil Abbas neçə gündür ki, rayonda keçmiş köçkünlərlə görüşür, onların problemlərini dinləyir, onlara dəstək olur. Dövlətin işğaldan azad olunmuş ərazilərdə gördüyü işi təbliğ edir. Orada neqativ danışan insanlarla söhbətlər aparır, dövlətin gördüyü gözəl işlərin izahatını verir, dövlətin gördüyü işlərin çətinliyini anladır.
Sahibə xanım isə deyir ki, guya Aqil Abbas dövlətin gördüyü işlərə kölgə salır. Heç gözləməzdim. Aqil Abbas həqiqəti deyib. Aqil Abbasın orada mülkiyyət hüququ olub, onu heç kim dana bilməz. Bu adamın orada ata mülkü olub, onu necə verməyə bilərsən?! Söhbət təkcə Aqil Abbasdan getmir.
O yurddan olan ölkənin tanınmış ziyalıları, alimləri var. Nə olsun ki, onlar sonralar Bakıda yaşayıb yaradır. Hər rayondan 10-15 nəfərdir. Xahiş edərdik ki, onlara da ev versinlər. Məsələn, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev Ağdam uğunda döyüşərək şəhid olub. Onun ailəsinə niyə Ağdamda ev verilmir? Şirin Mirzəyev hərbçi olduğuna görə müxtəlif yerlərdə qeydiyyatda olub. O, qarabağlıdı, xankəndilidi, həm də ağdamlıdı. Ağdam uğrunda şəhid olub. Çox istərdim ki, Şirin Mirzəyevin ailəsinə Ağdamda ev verilsin. Niyə də, yox?! Bu, onun haqqıdır. Yeri gəlmişkən, Şirin Mirzəyevin ailəsi Mili Qəhrəman ailəsi olaraq mənzil hüququna malikdir, amma hələ ev almayıblar. Buna görə də müvafiq qurumlardan xahiş edirəm ki, onun ailəsinə ev verilsin. Ancaq qeyd edim ki, bu, tək bir dövət qurumunun deyil, bir neçəsinin işidir. Bu məsələni ümumilikdə həll etməlidirlər. Ehtiyac olarsa, cənab Prezidentin qarşısında bu məsələni qaldırmalıdırlar. Prezident belə məsələlərə çox həssas yanaşıb, müsbət reaksiya verib".
QAZİLER.AZ

