Gəncənin sonuncu hakimi Cavad xanın rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə şəhid olmasından 212 il ötür. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, bu münasibətlə Gəncədə ənənəvi anım mərasimi keçirilib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Cavad xanın keçdiyi həyat yolundan geniş söhbət açaraq, onun nəinki gəncəlilərin, bütün Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildirib. AMEA-nın Gəncə bölməsinin rəhbəri Fuad Əliyev və digər çıxış edənlər Cavad xanın şücaətindən söz açıblar.Akademik Fuad Əliyev: "Cavad xanın ruhu bütün Azərbaycanı dolaşır. Onun qəhrəmanlıq, igidlik rəmzi bizim üçün bir vəsiyyətdir. Biz Azərbaycan xalqı öz müstəqilliyini dövlətçiliyini daim qorumağa layiq və bacaran bir xalqıq".
Məqbərəsi önünə toplaşan şəhər sakinləri Cavad xanın məzarına tər çiçəklər qoyaraq ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Cavad xanın qəhrəmanlığı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri hesab edilir. 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad general Pavel Sisianovun ordusunun mühasirəsində bir aydan artıq qalaraq, Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Gəncə işğal olunduqdan sonra şəhərin adı dəyişdirilərək rus çariçası Yelizavetanın şərəfinə “Yelizavetpol” adlandırılıb.