Bakıda keçirilən Zeytun Festivalının son günündə Dənizkənarı Milli Parkda musiqi və əyləncə proqramı davam edir. Yağışlı havaya baxmayaraq, şəhər sakinləri və paytaxtın qonaqları festival ərazisinə gəlir, konsertləri izləyir və istirahət edirlər.
Gün ərzində festivalda DJ Kamo və aparıcı İsgəndər İbrahimovun iştirakı ilə müxtəlif müsabiqələr və əyləncəli yarışlar təşkil olunur. İştirakçılara və qaliblərə müxtəlif hədiyyələr təqdim edilir.
Festival ərazisində qurulan köşklərdə zeytun şirkətlərinin, restoranların və şərab istehsalçılarının məhsulları da təqdim olunur. Ziyarətçilər müxtəlif təamların dadına baxır, məhsullarla tanış olur və alış-veriş edirlər. Uşaqlar üçün ayrılmış əyləncə zonası da gün ərzində fəaliyyət göstərir.
Festivalın səhnəsində musiqi qrupları və müğənnilər çıxış edirlər. Ziyarətçilər canlı musiqinin müşayiəti ilə əylənir, rəqs edir, konsertlərdən zövq alırlar.
Hazırda proqram çərçivəsində “Wave band” çıxış edir.
Daha sonra Tima Süleymanbəyli və “Excellent band” çıxışları gözlənilir.
Günün ikinci yarısında isə Azad Şabanov, Zamiq Hüseynov və Xalq artisti Aygün Kazımovanın səhnəyə çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə təşkil olunub.
Festival ərazisinə giriş və konsert proqramlarında iştirak ödənişsizdir. (trend)

