Kriminal aləmdə 13 illik fasilədən sonra ilk dəfə yeddi nəfərə “qanuni oğru” adı verildiyi bildirilir.
Qaziler.az "lent.az"a istinadla xəbər verir ki, Oniаni-Canqveladze klanı Laşa ilə barışıq əldə edə bilmədikdən sonra kriminal qruplaşmaların yeni üzvləri “qanuni oğru” kimi qəbul etməsinə qoyulan qeyri-rəsmi qadağanı birtərəfli qaydada aradan qaldırıb.
Məlumata görə, 2013-cü ildən etibarən kriminal aləmin müxtəlif klanlarına mənsub “qanuni oğrular” yeni şəxslərin bu statusa qəbul edilməsindən çəkinirdilər.
13 illik fasiləyə İtaliyada keçirilən toplantıda son qoyulub.
Toplantıda Taro və Merab da daxil olmaqla 15-ə yaxın “qanuni oğru” iştirak edib. Yeddi nəfərə bu statusun verilməsi barədə qərar qəbul olunub.
Bildirilir ki, qərar vaxtilə bu prosesə moratorium qoymuş Şakro ilə də razılaşdırılıb.
Yeni “qanuni oğru”lardan hələlik yalnız birinin kimliyi məlumdur. O, Kutaisi şəhərində anadan olmuş 37 yaşlı Vaja Sulamanidzedir. Məlumata əsasən, Sulamanidze bir müddət əvvəl Moskvaya səfər edərək kriminal aləmin nüfuzlu nümayəndələri ilə görüşüb. Mənbənin sözlərinə görə, onu digər “qanuni oğrular”a Suxumdan olan, “Kimo” ləqəbi ilə tanınan Otari Kvaratsxeliya təqdim edib.

Vaja Sulamanidze
Vaja Moskvada olduğu müddətdə Şakro, Bədri, Vaqif, Suren, Artur və həmin vaxt paytaxtda olan Edik Saxno ilə görüşməyə nail olub.
Lakin Moskvadakı kriminal avtoritetlərin bu fəallığı Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı Baş İdarəsinin əməkdaşlarının diqqətindən yayınmayıb.
Oktyabrın 16-da gələcəkdə “qanuni oğru” statusu alacağı gözlənilən Vaja Sulamanidze saxlanılıb. Ona Moskvada qalmasının arzuolunmaz olduğu bildirilib və daha sonra İtaliyaya geri göndərilib.
Məlumata görə, uzun müddətdir “qanuni oğru” adı alacağı gözlənilən bəzi şəxslərin yeni qəbul edilən yeddi nəfər arasında olmaması prosesin davam edə biləcəyini göstərir.
Ehtimal olunur ki, “italyanlar” kimi tanınan kriminal qruplaşma üzvlərinin sayını artırmağa çalışacaq. Hazırda bu qruplaşmanın üzvlərinin sayının rəqib hesab etdikləri “yunanlar”dan az olduğu bildirilir.
Xtırladaq ki, 2013-cü ildə İrəvanda keçirilən kriminal toplantıda yeni şəxslərin “qanuni oğru” kimi qəbul edilməsinə qadağa qoyulmazdan əvvəl, təkcə həmin il ən azı 77 nəfərə bu status verilmişdi.
Qeyd edək ki, Merab Canqveladze mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamlarından biri olub.

